Offside Sport Media “Qadın İdmançılar” layihəsi çərçivəsində növbəti müsahibəsini təqdim edir.

Bu dəfəki qonağımız Boks üzrə Azərbaycan milli komandasının üzvü Məhsəti Həmzəyevadır. Azərbaycanlı boksçu karyerasından, idmana gəlişindən və qarşılaşdığı çətinliklərdən danışıb.

1994-cü ildə Goranboy rayonunun Vesli kəndində anadan olan qonağımız ilk təhsilini Rəşid İbrahimov adına orta məktəbdə alıb. Məhsəti məktəbdə həmişə idmanla məşğul olduğuna görə, müəllimlərinin ona dəstək olduqlarını bildib.

RQ2A5992İdmanla məşğul olmağa nə vaxt başlamısınız?

- Təsadüfən oldu. Ümumiyyətlə, dünyaya gəlməmişdən öncə oğlan olacağımı düşünürmüşlər. Bu səbəbdən oğlan kimi böyüdülmüşəm. Məndən sonra qardaşım dünyaya gəlib. Uşaq yaşlarından onu idmana yazdırdılar. Biz Goranboyun kəndində yaşayırdıq, məşq isə rayon mərkəzində idi. Bu səbəbdən qardaşımı mən aparıb-gətirirdim. Belə-belə mən də məşq etməyə başladım. Düzdür, həmin yerdə professional dərslər keçirilmirdi. Lakin ilkin bilikləri öyrədirdilər. Belə-belə kikboksla məşğul olmağa başladım.

Bu qərarı verərkən hansı problemlərlə qarşılaşdınız?

- Rayon yeri və qız uşağı idmanla məşğul olmaq istəyir və olur. Hərə bir söz deməyə başladı. “Qız uşağısan, burnun sınacaq, üzün pis günə düşəcək”, “Səni alan olmayacaq” kimi fikirlər havada uçuşurdu. Buna baxmayaraq məqsədimdən geri dönmədim. Rayonda kikboks, MMA, ağırlıq qaldırma ilə məşğul oldum.

Boksa gəlişiniz necə oldu ?

- Rayonda idmanla professional şəkildə məşğul ola bilməyəcəyimi anladım. Eşitdim ki, paytaxtda boks üzrə qadınlardan ibarət milli komanda yığılır. Bakıda Zahid müəllimlə tanış oldum. Əməkdar məşqçidir, bir sıra tanınmış idmançıları çalışdırıb. Onun tələbəsi olduqdan sonra başa düşdüm ki, əsil idman nədir. Düzgün məşq etməyi, rejimlə qidanlanmağı, yarışlara hazırlaşmağı burada öyrəndim.

İlk yarışınızı necə xatırlayırsınız?

- Şəhərin adı yadımdan çıxıb, amma Rusiyada idi. Boksla məşğul olmağımın üçüncü və ya dördüncü ayı idi. Həmin yarışda üçüncü oldum. Bu, mənim üçün böyük uğur idi. Çünki boks o qədər də asan idman növü deyil. Cəmi üç zərbə var: Düz, altdan və yandan. Lakin hər birini dəqiqliklə yerinə yetirmək lazımdır. Hamısını bir-biri ilə kombinasiya edib müxtəlif zərbə növləri ərsəyə gətirmək olar. Bu səbəbdən də nəticə vermək asan deyil.

Bakıya gələndə, yəni boksçu olmaq qərarınızı qətiləşdirəndə ailənizdə etiraz edən oldu?

- Heç kim. Əksinə valideynlərim çox dəstək oldular. Atam məni oğlan kimi böyüdüb. Anamın arzusu idi idmançı olum. Kənardan səslənən heç bir fikrə məhəl qoymadan sona kimi mənə dəstək oldular. Buna görə valideynlərimə çox təşəkkür edirəm. Onlar olmasa idi, indi ya iki uşaq anası idim, ya da başqa cür taleyim olardı. Sağ olsunlar ki, mənə dəstək oldular. Buna görə də gəzmədiyim ölkə, şəhər, görmədiyim mədəniyyət qalmadı, dünya görüşüm artdı. Adi kənd qızları kimi böyümədim. Buna görə boksa və valideynlərimə borcluyam.

Qohumlarınızın reaksiyası necə idi?

- O qədər deyinirdilər ki (gülür). “Qızsan idman nəyinə lazımdır?”, “Sən bunu bacarmazsan, bu, sənlik deyil”, “Qız uşağısan, mentalitetimizə uyğun deyil” cümlələri o qədər eşitmişəm ki. Bunların hamısına fikir versəydim, heçnəyə nail ola bilməzdim. Buna görə də başqalarına yox, sənə həqiqətən dəstəkləyən insanlara inanaraq irəliləmək lazımdır. Onsuz da, uğur qazandan sonra hamısı sənin yanınada olmağa can atır. Hardansa yarışdan qayıdanda məni neçə illərdir axtarmayanlar zəng edirlər, xoş sözlərini deyirlər. Artıq hər şeyimlə - halımla, qazandığım medallarla, qonararlarla maraqlanırlar. Buna görə, pis oluram. Onlar mənim pis vaxtımda dəstək olmurdular, uğur qazanan kimi yanıma qaçırlar.

Boksda qazandığınız uğurlardan danışaq...

- Respublika çempionuyam. Ölkə üzrə bir nömrəyəm. 2 dəfə Dünya, 2 dəfə Avropa Çempionatında iştirak etmişəm. Bütün idman növlərində olduğu kimi boksda da haqsızlıqlar çox olur. Əziyyət çəkirsən və hansısa hakim bunu yerə vurur. Belə olmasaydı, 2016-cı ildə Dünya və Avropa Çempionatlarında mükafatçılar siyahısında idim. İdmanın içində olmayan adama deyəndə ki, məni uduzdururlar, sənə qəribə yanaşırlar. Həmişə də eyni sözü deyirlər ki, niyə başqaları uğur qazana bilir. Amma boksda hər şey tam başqadır. Deyilə bilməyəcək çox şeylər var.

Ən çətin döyüşünüz hansı olub?

- Ümumiyyətlə, asan heçnə yoxdur. Dünya və Avropa Çempionatlarında medal uğurunda döyüşlərdə haqqım olanı əlimdən alıblar. Lakin döyüşlərin hamısında həyacanlı oluram. Çünki neçə vaxtdır əziyyət çəkirsən, sənə inanan insanlara qarşı məsuliyyətin olur. Və bu amillər insanda həyəcan yaradır.

RQ2A6023Azərbaycanda qadın idmançılar daha əzmkardırlar, yoxsa bəylər?

- Qadınla kişinin orqanizmləri fərqlidir. Bu səbəbdən də hazırlıq proseslərimiz müxtəlif olur. Bizim üçün proqram bəylərimizdəkindən fərqlidir. Çünki kişilərdə dözümlülük qadınlardan daha artıqdır. Onları müqayisə etmək düzgün deyil. Hərəsi tam fərqli hazırlaşır. Bu səbəbdən də qadınların nəticə verməsi daha asandır. Bəylərin yarışında bir çəki dərəcəsində iştirak edənlər çoxdur. Bu səbəbdən də oğlanların yarışları daha gərgin olur. Bizdə isə hansısa çəki dərəcəsində 5 idmançı var. Respublika yarışlarında 2 və ya 3 rəqibi məğlub etsən, qalib ola bilirsən. Bu səbəbdən də işinə məsuliyyətlə yanaşan qadının boksda uğur qazanması daha asan olur.

Hansısa azərbaycanlı kişi boksçu ilə rinqə çıxmaq istəyərsiniz? 

- Düzünü deyim xanımla bəyin sona kimi döyüşməsi mümkünsüzdür. Bəli, onlarla birgə məşq edirik. Lakin axıra kimi döyüşmək qeyri-mümkündür. Çünki zərbələrin gücündə kifayət qədər fərq var. Bəzən 13-14 yaşındakı oğlan elə güclə zərbə endirir ki, bütün bədənin keyiyir.

Konkret olaraq hansısa boksçu bəyi duelə dəvət edə bilərsinizmi?

- Əslində o qədər də fərqi yoxdur. Kim gəlsə, sona kimi mübarizə aparıb, asan yem olmamağa çalışaram,

Boks federasiyasında qadın idmançılarla bəylər arasında fərq qoyulurmu?

- Nəticələrdən asılı olaraq bütün idmançılara fərq qoyulur. Nəticə verən şəxs həmişə digərlərindən üstündür.

İndiyə kimi yaddaşınızda qalan turnir hansı olub?

- Tarixlərini unutmuşam, amma iştirak etdiyim bütün yarışları xatırlayıram. Ən çox Çindəki təlim-məşq toplanışı mənim üçün maraqlı olub. Ümumiyyətlə, bütün ölkələrə gedəndə ekskursiya üçün vaxt ayrılır. Tarixi yerlərə, Çin səddinə getdik. Həmin yeri görmək uşaqlıq arzum idi. Bunun həyata keçməsi mənim üçün ayrıcı yadda qalan idi.

RQ2A6061Dünya səviyyəsində çəkindiyiniz hansısa boksçu varmı?

- İngilislər, ruslar, koreyalılar və hindistanlılar yaxşı mübarizə aparırlar. Bizdə qadın boksu gec yarandığı üçün nəticə vermək o qədər də asan olmur. Onların idmançıları uşaqlıqdan məşq edirlər. Ya da valideynləri boksçu olurlar və öz biliklərini övladlarına aşılayırlar. Bu səbəbdən də bizdə qadın boksu həmin ölkələrə nisbətən geri qalır. Lakin hal-hazırda bu fərq aradan qalxmaq üzrədir.

Hansı halda idmançı karyeranızı ümumiyyətlə bitirərsiniz?

- Bunu demək o qədər də asan deyil. Ciddi zədə alsam, bu barədə düşünə bilərəm. Amma mən idmansız qala bilmərəm. Mən özümü burada tapmışam. Aralaşmağım mümkün deyil. Həyatımın sonuna kimi idmanda olaram. Ya məşqçilik edərəm, ya da başqa idman sahəsində özümü sınayaram. İndidən heçnə deyə bilmərəm. Çünki heçnə biz planlaşdırdığımız kimi olmur. Allah nə məsləhət görərsə, o da olur.

Məshəti Həmzəyeva özünü gələcəyin MMA və ya UFC döyüşçüsü kimi təsəvvür edirmi?

- Əgər müəllimim məsləhət görərsə, niyə də olmasın? Kikboksla məşğul olmuşam, ayaq zərbələrim normaldır, güləş fəndlərinin bir çoxunu bilirəm. Fiziki durumum bunun üçün əlverişlidir. Gələcəkdə məsləhət olarsa, həmin yarışlarda özümü sınaya bilərəm.

Boksdan başqa hansı idman növü ilə maraqlanırsınız?

- Güləş. Arada onların məşqlərini izləyirəm. İmkan olduqca yarışlarına baxıram.

RQ2A6006 1İdmandan kənar hansı işlərlə məşğul olursunuz?

- Heyvan saxlayıram. Küçədə yaralı it-pişik görəndə gətirib evdə sağaldıram. Bir gün ailəm buna görə evdən qovacaq (gülür). Davakar deyiləm, amma görsəm ki, kimsə heyvanlara əziyyət verir özümü saxlaya bilmərəm. Həmin adamın ağzını-burnunu dağıdaram. Musiqi dinləməyi çox sevirəm. Günün bütün hissəsi mahnılara qulaq asıram. Musiqi mənim ruhumun qidasıdır. Həm beynimi sakitləşdirirəm, həm də yorğunluğumu çıxardıram.

Azərbaycan qadın boksçular üçün ideal ölkədir?

- Yaxşı boksçularımız çoxdur, amma xaricdəkilər kimi deyil. Düşünürəm ki, daha çox diqqət göstərilməlidir. Məhz bundan sonra nəticələrimiz daha da yaxşılaşacaq. Bizdə çox yaxşı, savadlı məşqçilər var. Əvvəllər mentalitet məsələrinə görə daha çox problemlər yaranırdı. İndi görürük ki, valideyn özü məşqçidən diqqət tələb edir. İndi düşüncə tərzi dəyişib bizdə. Bu səbəbdən də ideal boks ölkəsi olmağa doğru irəlilədiyimizi düşünürəm.

Rayonunuzda, ətrafınızda boksçu kimi kiməsə örnək olmusunuzmu?

- 2012-ci ildən sonra Goranboya cəmi 2 dəfə getmişəm. Əslində can atmıram. Çünki söz-söhbətlər çox olur. Qohumlarım da idmana maraq göstərmirlər. Lakin Bakıda qaldığım ünvanda valideynlər gəlib maraqlanırlar. Soruşurlar ki, məşq necə olur, çətindirmi? Hamısına səbirlə cavab verirəm. Bu, onlarda maraq yaradıram. Amma məşqdə ağzımın-burnumun qan içində olduğunu görsələr, inanmıram ki, öz övladlarının boksla məşğul olmaqlarına icazə verərlər (gülür).

Bir çoxları düşünür ki, idmanla təhsil uyğun gəlmir...

- Azərbaycanda daha çox elmə fikir verirlər. İdmançıların çoxu Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunlarıdır. Amma şəxsən tanıdığım bir neçə idmançı var ki, yaxşı təhsil alıblar. Mən özüm də Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunuyam. Buna baxmayaraq ingilis, rus dillərini bilirəm. Müsahibə verəcək səviyyədə danışmağı bacarıram. Bədii əsərlər oxuyuram, amma kitab oxuyanda təxmini iyirminci səhifədə yuxu tutur (gülür).

Boksçu olmağın üstünlükləri nədir?

- Azərbaycanda idmana xüsusi qayğı göstərilir. Bir çox məclislərdə, tədbirlərdə xüsusi hörmət bəsləyirlər. Bir çox yerlərə qonaq kimi dəvət etməyə çalışırlar. Həqiqətən də bizim ölkədə idmançıya xüsusi sevgi ilə yanaşırlar. Bunu hər zaman hiss eləmişəm.

İdmançı bacarıqlarınızdan şəxsi həyatınızda istifadə etmisinizmi?

- Nərimanov parkı tərəfdə harasa tələsirdim. Bir oğlan sataşdı. Mənə “gəl, bir yerdə qaçaq” dedi. Əvvəlcə fikir vermədim. Bir də sataşdı. Əvvəlcə sözlə başa salmağa çalışdım. Bir də hiss elədim ki, arxadan zərbə dəydi. Kikboksda öyrəndiklərimi oğlanın üstündə tətbiq elədim. Üstü-başı pis günə düşdü, köynəyi cırıldı. Yanımda başqa qız var idi. Oğlana “get evə, soruşsalar, denən ki, qıza döyülmüşəm” dedi (gülür). Həqiqətən davakar biri deyiləm. Xoşuma gəlir ki, qarşımdakını sözlə başa salım. Alınmayanda belə izah etmək məcburiyyətində qalıram.

Xanımların olduğu ortam paxıllıq həmişə ön plana çıxır. Milli komandada belə bir şey hiss etmisinizmi?

- Bu, hər yerdə belədir. Lakin bizdə dostluq münasibətləri daha üstündür. Hansımızınsa problemi olarsa, birgə həll etməyə çalışırıq. Söz aparıb-gətirənlər hər yerdə var, amma biz bu kimi hallarda danışaraq çarə tapırıq. Bütün problemlərdə bir yumruq oluruq.

Ailə qurmaq istədiyiniz şəxs boksu tərk etməyinizi tələb etsə, qəbul edərsinizmi?

- Düşünürəm ki, evlənəndən sonra idmandan biraz uzaqlaşılır. Lakin istəyərəm ki, ailə qurduğum şəxs idmançı olsun. Heç olmasa bu sahədən anlayan biri olsun. Çünki idmançı olmağım sabah şəxsi problemlər yarada bilər. Təlim-məşq toplanışlarına gedəndə, mənə deməsin ki, görüntülü zəng elə, etdiyin şeylər barədə məlumat ver.

Boksçu olaraq azərbaycanlı qadınına bu idmanla məşğul olmağı məsləhət görərsiniz?

- İdman sağlamlıqdır. Bütün hamı idmanla məşğul olmalıdır. Uşaqlıqda davakar olan xanımkar olur. Həmin şəxsləri boş buraxmaq olmaz. Onları çox yaxşı idmançı kimi formalaşdırmaq mümkündür. Həmin qızlar çox əzmkar olurlar. Kimlərəsə qoşulub həyatlarını məhv etməkdənsə, idmanla məşğul olmaqları daha yaxşıdır.

 {gallery preview_height=400}2020-03-19/Mehseti{/gallery}