Tahir Gözel "Qarabağ"ın Avropada çıxışlarına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti klubun saytına "Ayaks"a qarşı oyunu da şərh edib:
“Qarabağ" avrokubok mövsümünün təsnifat mərhələlərini adlayaraq, ardıcıl 11-ci dəfə əsas mərhələyə vəsiqə qazandı. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə yüksəldik. Bu mərhələdə çox ciddi, Avropada özündən söz etdirən komandalarla qarşılaşırıq. Onlardan biri “Ayaks”dır ki, Niderland təmsilçisi Azərbaycana gələn ən titullu klub oldu. Onlara qarşı keçirdiyimiz son avrokubok oyununda komandamızın qarşılaşdığı çətinliklər göz önündədir. Qırmızı vərəqələr oldu. “Ayaks” kimi adlı-sanlı rəqiblə 9 futbolçu ilə mübarizə apardıq. Əlbəttə, “Qarabağ”ın UEFA Avropa Liqasının cari mövsümündə daha çox qələbə qazanmasını istərdik. Lakin mövsümün startındakı qələbələri də unutmaq olmaz. Bolqarıstanda “Lüdoqorets” üzərindəki 7:2 hesablı parlaq qələbə möhtəşəm oyunla əldə olundu. Qarşıda 5 görüş var. Komandamızın həm avrokuboklarda, həm Premyer Liqa və kubokda hədəfləri böyükdür. Bunun öhdəsindən gələcəyimizə inanıram”.
Tahir Gözel "Qarabağ"ın güclü olduğunu deyib:
“Qarabağ” möhkəm klubdur, daxildəki mənəvi gücümüz tükənməzdir. Özümüzə tam inanırıq. Hər il Azərbaycan üçün avrokubok həyəcanı yaşatdığımızı və yaşadağımızı bilirik. Komandama, ölkəmə, xalqıma inamım böyükdür. Bugünkü “Qarabağ” həmişəkindən daha güclüdür”.