AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker Premyer Liqanın VII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda (1:2) ilk hissədə baş verən mübahisəli epizodu şərh edib.

Offsideplus.az xəbər verir ki, funksioner “Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçadonun topa vurmaq istəyən zaman rəqib oyunçu Roderik Millerə toxunuşunda ciddi qayda pozuntusu olmadığını bildirib:

“Top havada olan zaman “Araz-Naxçıvan” komandasının 16 nömrəli oyunçusu Ramon Maçado topa oynamaq istəyir və ayağının ucu ilə “Turan-Tovuz” komandasının 5 nömrəli futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik.

O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil”.