"Premyer Liqa klublarının qarşısına avrokuboklara vəsiqə qazanmaq və ya liqada qalmaq kimi məqsədlər qoyulur. Bu səbəbdən də heç biri gənc oyunçunu yetişdirib Azərbaycan futboluna qazandırmağı düşünmür".
Bu sözləri Offsideplus.az-a açıqlamasında futbol meneceri Emil Şükürbəyli bildirdi. Mütəxəssis 17-18 yaşlı futbolçuların Premyer Liqa klublarımızda forma şansı qazanmamasına belə aydınlıq gətirib:
"Əsas komanda ilə əvəzedicilər arasında koordinasiya yaxşı səviyyədə deyil. Oyunçular cəlb edilir, məşq elətdirilir, ehtiyat oyunçular siyahısına da əlavə olunurlar, lakin sonda onlara güvənilmir. Bunun üçün müəyyən bir müddət lazımdır. Həm də aşağı liqaların səviyyəsi ordakı gənc futbolçunun elitada oynamasına imkan vermir. Klubların çoxu çempionatın son turlarında qarşılarına qoyduqları vəzifələri yerinə yetirdikdən və ya bacarmadıqları dəqiqləşdikdən sonra gənclərə şans verirlər. Fikrimcə bu baş məşqçilərin nəticələrə həddindən artıq fokslanmasından irəli gəlir".
E. Şükürbəyli klub rəhbərlərini əvəzedicilərin və aşağı yaş qruplarının oyunlarını izləmədikləri üçün qınayıb:
"İstər U-17, istər U-18, istərsə də Əvəzedicilərin çempionatında kifayət qədər istedadlı oyunçularımız var. Təəssüflər olsun ki, onların oyunlarında nə əsas komandalarının baş məşqçilərini, nə də klub rəhbərliklərinin nümayəndələrini görmək mümkün deyil. Bu uzun illərdir eyni vəziyyətdə davam edir. Bəli, bəzi komandalarda rəhbər şəxsləri oyunlarda görmək olur.Amma, bunu bir neçə kluba şamil etmək olar. Xüsusən də "Sabah"ı qeyd etmək istərdim. Masazır təmsilçisinin rəhbərliyini hər zaman istər Əvəzedici komandanın, istərsə də aşağı yaşlıların qarşılaşmalarında görmək mümkündür. Digər klublarımızın da belə təşəbbüslərini görmək istərdim".