Ötən gün "Səbail" - "Neftçi" qarşılaşmasından sonra gərginlik zirvəyə çatdı.
"Neftçi" azarkeşləri ilə futbolçular arasında kəskin qarşıdurma yaşandı. Qəzəbli fanatlar, meydanda göstərilən zəif oyuna görə futbolçuları tribunanın önünə çağıraraq sərt tənqid etdilər. Ancaq hadisələr nəzarətdən çıxdı - Ervin Koffinin azarkeşlərə su butulkası tullaması etikasızlıqdan başqa bir şey deyildi və bu hərəkət fitili alovlandırdı. Bundan sonra meydan qopan qalmaqalın mərkəzinə çevrildi. Hadisəni dəyərləndirməsi üçün Mahir Şükürova üz tutduq. Milli komandamızın sabiq müdafiəçisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Bizim vaxtımızda komandada olan legionerlər səviyyə və xarakter baxımından indiki "Neftçi"də olan legionerlərdən "100 baş" güclü idi. Əgər bir problem olsaydı, dərhal kapitan kimi formanı onun əynindən azarkeşlərin qarşısında çıxardardım və şərt qoyardım: ya mən, ya da o qalacaq klubda. Yenə də deyirəm, "Neftçi" bu il də yer tutmayacaq. Sezonun sonunda görəcəyik, gətirilən futbolçuları kim gətirib, kim yaxşı pul qazanıb. Futbolçuları "Neftçi"ni yer tutmaq üçün gətirməyiblər; onların səviyyəsi 1 Liqa səviyyəsindədir. Ayıb olsun bu qədər."