"Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duran üçün Misli Premyer Liqasının XXVI turu əlamətdar alınıb.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Karvan Yevlax"la qarşılaşmada (7:0) üç qol vuran Duran, cari mövsümün 3-cü het-trikinin müəllifi olub. Buna qədər komanda yoldaşı Toral Bayramov və "Qəbələ"nin legioneri Domi Massumo eyni uğura imza atmışdı.

K. Duran Azərbaycan çempionatları tarixində het-trik edən 35-ci legioner və bu nəticəni göstərən ilk kolumbiyalı futbolçu kimi tarixə düşüb. Ümumilikdə isə bu, Amerika qitəsini təmsil edən futbolçuların ölkə çempionatındakı 9-cu het-trikidir (milliləşdirilmiş Leandro Qomeşlə birlikdə 10).

Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib.