Misli Premyer Liqasının XXII turu çərçivəsində "Qarabağ" evdə "Sabah" ilə 3:3 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşçqisi Qurban Qurbanov matç barədə fikirlərini oyundan sonra keçirilən mətbuat konfransında bölüşüb:
"Hakim oyuna çox az vaxt əlavə etdi. Mən belə düşünürəm ki, daha çox artıra bilərdi. Münaqişə ilə bağlı Valdas ilə danışdıq. Onların köməkçi məşqçisi bizim məşqçilərə qarşı ədəbsizlik etmişdi. Valdas buna görə üzr istədi. Hər iki komanda elə bir səviyyədir ki... Rəqibin hücum xətti çox sürətlidir. Bu gün futbol elə bir həddə çatıb ki, 2:0, 3:0 öndə olsan belə, geridönüşlər mümkündür. Oyunçularımdan çox razı qaldım. Düşünürdüm ki, yorulublar, 90 dəqiqə çatdırmazlar. Narahat edən məqam futbolçuların bərpasıdır. Çempionatımız gərgin gedir. Bərpa olunub, güclənib, rəqabət etmək lazımdır. Qarşıda daha bir dövrə var. Tezliklə Qnalini qarşıdakı oyunlarda görəcəyik".
Q.Qurbanov çempionluq uğrunda rəqabəti şərh edib:
"Hələ qarşıda çox oyun var. Mütləq çempion olmalıyıq deyə bir düşüncəmiz heç vaxt olmayıb. Hər il çempion olmağa məcbur da deyilik. "Sabah" kimi neçə illərin komandası formalaşıb. Amma yenə də sona kimi mübarizə aparacağıq".



