"Neftçi" klubu son turlarda, xüsusilə "Şamaxı" ilə oyunda baş verən hakim səhvləri ilə bağlı rəsmi bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi mütəmadi xarakter alan yanlış qərarların komandanın nəticələrinə birbaşa təsir etdiyini bildirib.
Açıqlamada bunlar qeyd olunub:
"Şamaxı" ilə matçın son dəqiqələrində Mustafa Sekin topa təmiz müdaxiləsinə baxmayaraq, VAR-ın (Cavid Cəlilov) müdaxiləsi ilə yanlış penalti təyin edildiyi vurğulanıb. Baş hakim Kamranbəy Rəhimovun epizoda cəmi 20 saniyə ərzində, natamam baxaraq qərar verməsi tənqid olunub.
Klub xatırladıb ki, oxşar hallar "Karvan-Yevlax" və "Kəpəz" oyunlarında da yaşanıb. Hətta AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun bəzi qərarların səhv olduğunu sonradan etiraf etdiyi qeyd edilib.
"Neftçi"nin qapısına vurulan son 4 qolun hamısının hakim səhvləri (səhv penaltilər, ofsaydlar) nəticəsində qeydə alındığı bildirilib.
Ədalətsiz qərarların komandanın ciddi xal itkilərinə səbəb olduğu və futbolçuların əməyinin heçə sayıldığı vurğulanıb.
Klub AFFA Hakimlər Komitəsindən səhvə yol vermiş şəxslər barəsində ciddi tədbir görülməsini və bundan sonrakı oyunlarda maksimum diqqət və ədalətli yanaşma tələb edir. Bəyanatda qeyd olunub ki, "Neftçi"nin hakim köməyinə ehtiyacı olmasa da, ona qarşı edilən haqsızlıqlara da səssiz qalmayacaq.


