"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 14-cü turundan təxirə salınmış "Qəbələ" matçındakı 3:0 hesablı qələbəni şərh edib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin gücünü xüsusi vurğulasa da, futbolçularının tapşırıqları uğurla yerinə yetirdiyini bildirib.

"Qəbələ"nin sürətli hücumçularından ehtiyat edirdik. İlk hissədə kifayət qədər qol şansları oldu, amma biz işimizin öhdəsindən gəldik. Heç kim üçün onlara qarşı oynamaq asan deyil".

O, Rəhim Sadıqovun yeni rolu barədə isə bunu deyib:

"Futbolçu ilə müzakirə apararaq, onun dayaq yarımmüdafiəçisi mövqeyində komandaya daha çox fayda verəcəyinə qərar verdik".

K. Berdiyev komandanın zamanla formalaşdığını və avrokuboklar barədə danışmağın hələ tez olduğunu da söyləyib.

"Turan Tovuz" zamanla formalaşır. Hər mövsümün öz hədəfləri var və uşaqlar hara addımladıqlarını yaxşı bilirlər. İrəli getmək üçün bir az vaxt lazımdır.

"Zirə" ilə xal fərqinin artmasına baxmayaraq, indidən nəsə demək tezdir. Azərbaycan futbolu xeyli güclənib və çempionatda ciddi rəqabət var. Hər bir komanda istənilən rəqibdən xal ala bilər".