"Sabah" Misli Premyer Liqasında ardıcıl qələbə seriyasını 10-a çatdırıb.
Offsideplus.az xəbər verir ki, paytaxt klubu bu "yubiley" nəticəsini XXI turda "Kəpəz"i minimal (1:0) hesabla məğlub edərək rəsmiləşdirib.
Bu, "bayquşlar"ın tarixində ilk belə seriyadır.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Sabah" Azərbaycan çempionatları tarixində ardıcıl ən azı 10 qələbə qazanan 9-cu klub kimi adını tarixə yazdırıb. İndiyədək 8 fərqli komanda tərəfindən ümumilikdə 17 belə seriya qeydə alınmışdısa, "bayquşlar"ın builki uğuru sayca 18-ci oldu.
Bu sahədə liderlik hələ də 6 dəfə belə seriya yaxalayan "Neftçi"dədir. Onu "Qarabağ" (4 dəfə) və "Şəmkir" (2 dəfə) izləyir.
"Sabah" isə "Bakı", "Kəpəz", "Turan", "Xəzər" (Sumqayıt) və "Xəzər Lənkəran" kimi bu zirvəni bir dəfə fəth edən klublar sırasına qoşulub.


