İyunun 21-də Bakıda keçiriləcək UFC Döyüş Gecəsində döyüşəcək Rusiyanı təmsil edən dağıstanlı Tagir Ulanbekovun azərbaycanlı jurnalistlərə müsahibəsini təqdim edirik.

Yaponiyalı Horiquti Kyoji ilə döyüşməli idiniz. Rəqibin dəyişməsi hazırlığa necə təsir etdi və qazaxıstanlı rəqibiniz - Azat Maksuma qarşı necə hazırlaşırsınız?

- Rəqibin dəyişməsi bizim hazırlığımıza heç bir təsir göstərmədi. Düzdür, yaponiyalı rəqib təcrübəli idi. Qazaxıstanlı döyüşçü gənc, eyni zamanda istedadlı döyüşçüdür. 

- Yeni rəqib haqqında məlumatınız nə dərəcədədir? 

- Rəqibi tanıyıram, 3 il əvvəl Dağıstana hazırlığa gəlmişdi. Onu izləyirəm, düşünürəm ki, bizi yaxşı döyüş gözləyir. 

- Həbiblə birlikdə işləmək sizə nə qatır? 

- Biz ona tam olaraq etibar edirik. Həbib böyük çempiondur, bu yolu keçib. Hazırlığa başlayanda bu, bizə motivasiya verir.

- Azərbaycanlı döyüşçülər barədə məlumatın varmı? 

- Azərbaycanlı döyüşçülər bizim təlim-məşq toplanışına gəlir. Lakin tanıdığımı deyə bilmərəm.

- Tagir, yaxın ölkədə döyüşəcəksiniz . Bunun bir üstünlüyü varmı? 

- Mən şadam ki, Azərbaycanda döyüşəcəm. Bu, bizə qonşu ölkədir. Bir neçə saatlıq yoldur. Məncə, Azərbaycanda məni doğma döyüşçü kimi qəbul edəcəklər. Bu da bir çox məsələləri asanlaşdırır. 

- Nə zaman Bakıya gəlməyi planlaşdırırsınız? Həbib də ölkəmizə təşrif buyuracağını elan etdi. Başqa kimlər sizinlə birgə gələcək? 

- Biz bütün komanda ilə gələcəyik. Döyüş həftəsinin birinci günü Bakıda olacağıq. Usman, Həbib Bakıya gələcək. Umarı bilmirəm.  Həbib mənim küncümdə mütləq olacaq. Digərlərini dəqiq deyə bilmərəm.

- Tagir, ilk dəfə yaxın yerdə döyüşürsünüz. Bundan öncə Abu Dabi ən yaxın məkan idi və pandemiya dönəminə təsadüf etmişdi. Bu dəfə Dağıstandan çox adam gələcək? 

- Xeyli tanış gəlməyi planlaşdırır. Mənə də bildirirlər ki, gəlmək və dəstəkləmək istəyirlər. 

- İndiki rəqibiniz reytinqdə "top-15"də qərarlaşmayıb. Neçə döyüşdə qalib gəlmək lazımdır ki, titul uğrunda yarışa çıxasınız? 

- Rəqibim yapon olmalı idi. Onun üzərində döyüş qazansaydıq, növbəti döyüş namizədlik və ya titul uğrunda ola bilərdi. Lakin rəqib dəyişdi və bu barədə çox danışmaq Azata qarşı hörmətsizlik olar. Qazaxıstanlı ilə döyüşə fokuslanmışam. 

- Ən yüngül diziviziondakı vəziyyət barədə nə düşünürsünüz? 

- Mən əminəm ki, o çempionu məğlub edə bilərdim və bilərəm. Mənə də təəccüblüdür ki, titul uğrunda bir-biri ilə 2-3 dəfə döyüşürlər. Yaxşı komandam var və onu məğlub edə biləcəyimə inanıram. 

- Sonda azərbaycanlı döyüşsevərlərə nə söyləmək istəyirsiniz? 

- Azərbaycanda heç baxt olmamışam. Daha əvvəl hava limanında dayansam da, ölkəyə səfər etməmişəm. Azərbaycan barədə çox şey eşitmişəm. Azərbaycan yeməklərinin dünyada bir nömrə olduğunu deyirlər. Onları dadmaq istərdim. Bakıya gəlməyə səbirsizlənirəm.