Xəbər verdiyimiz kimi, "Araz-Naxçıvan" Vanderson Meloya görə yaranan problemi həll etmək üzrədir. İddialara görə, muxtar respublika təmsilçisi Livanın "Rasinq" klubunun tələb etdiyi  67000 min dolları ödəyib. 

Məsələ ilə bağlı klubun mövqeyini öyrəndik. "Araz-Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Bu problem futbolçu ilə "Rasinq" arasındadır. Hazırda Vandersonun vəkili bu işlərlə məşğuldur. "Araz-Naxçıvan" isə qarşı tərəfə vəsait ödəməyib. Nə köçürmə olacaqsa, hamısı futbolçu tərəfindən ediləcək. Sadəcə, biz məsələni nəzarətdə saxlayırıq. Problem yaxın vaxtlarda həll olunacaq. Məsələnin tezliklə yekunlaşmasında maraqlıyıq".

Qeyd edək ki, Melo ötən mövsüm başlamamışdan Livanın "Rasinq" klubu ilə müqavilə imzalasa da, sonradan Muxtar Respublika təmsilçisinə keçmişdi. Bu səbəbdən də Beyrut klubu həm futbolçunu, həm də "Araz-Naxçıvan"a şikayət etmişdi. "Rasinq" "Araz-Naxçıvan"ın 67000 min dollar ödəməsini tələb edirdi. Əks təqdirdə, Azərbaycan klubunun və Vanderson Melonun cəzalanmasını FİFA-dan tələb edirdi.