Azərbaycanda Gənclər və İdman Nazirliyi tərəfindən Bədən tərbiyəsi və İdman sahəsi üzrə 2019-cu ilin ən yaxşıları açıqlanıb.

 Offsideplus.az xəbər verir ki, "İlin ən yaxşı idman televiziya verilişləri kanalı" ATV, "İlin yekunlarına görə ilin ən yaxşı televiziya verilişləri layihəsi: “İdman və media” ("İdman" TV) seçilib. Maraqlıdır ki, Azərbaycan Premyer Liqasını, Çempionlar Liqasını və bir çox bu kimi yarış və proqramlar yayımlayan CBC Sport kanalı növbəti dəfə diqqətdən kənarda qalıb.

CBC Sport-un rəsmisi, şərhçi Rüstəm Əfsərli öz "Facebook" profilində etdiyi paylaşımda Nazirliyi sərt tənqid edib:

“Gənclər və İdman Nazirliyinin nominasiyalarında qalib gəlmiş həmkarlarımı ürəkdən təbrik edib, onların uğurlarına sevindiyimi tam səmimiyyətimlə qeyd edərək, ölkədə ən çox idman tədbiri işıqlandıran CBC Sport kanalının adının növbəti dəfə bu siyahıda olmaması ilə əlaqədar bəyan edirəm ki, həqiqətən də Azərbaycanda öz sahəsindən bu qədər başı çıxmayan ikinci nazirlik yoxdur”.

Qeyd edək ki, İlin idman kanalının ATV seçilməsi sosial şəbəkələrdə də ironiya ilə qarşılanıb.