Kompüter oyunları üzrə 11-ci Dünya Çempionatının Milli seçmə mərhələsinə qeydiyyat başladı

Azərbaycan Kiber İdman Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən 11-ci Dünya Çempionatının (11th E-Sports World Championship 2019) Milli seçmə mərhələsinə qeydiyyat başlayıb.

Offsideplus.az xəbər verir ki, "Topaz"-ın dəstəyi ilə baş tutacaq yarışlar 3 növ üzrə keçiriləcək: PES 2020, Tekken 7 və DOTA 2. Qaliblər Kompüter oyunları üzrə 11-ci Dünya Çempionatında ödənilmiş iştirak hüququ qazanacaqlar.

Müraciət üçün doldurulmuş ərizələr (buradan yükləyə bilərsiniz: (http://azkif.az/tournaments/2019/IESF/RegistrationForm2019.doc)  2019@azkif.az ünvanına göndərilməlidir. Qeydiyyatın təsdiqi barədə məlumat üç iş günü ərzində veriləcək. Qeydiyyat 2019-cu il oktyabrın 13-nə qədər davam edəcək.

Milli seçmə mərhələsində 16 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Milli seçmə mərhələsinin keçirilmə vaxtı və yeri barədə dəqiq məlumat qeydiyyat başa çatdıqdan sonra elan ediləcək.

Xatırladaq ki, Beynəlxalq final bu il, dekabrın 11-15-də Seul şəhərində (Cənubi Koreya) keçiriləcək.