Fransanın PSJ klubunun müdafiəçisi Dani Alves tarixdə ən çox titul qazanan futbolçu olub.

Offsideplus.az xəbər verir ki, bu barədə ESPN və AS jurnallarının apardığı MisterChip Twitter hesabında məlumat yayılıb.

Martın 31-də Alves Paris komandasının heyətində Fransa Liqa Kubokunun qalibi olub. Turnirin finalında paytaxt komandası “Monako”nu 4:1 hesabı ilə darmadağın edib. Dani Alves üçün bu kubok karyerası ərzində 36-cı olub. Bununla da, o Kenni Dalqliş və Rayan Giqzi qabaqlayıb (35).

Braziliyalı PSJ-də 2017-ci ilin yayından çıxış edir. O, karyerası ərzində ən çox titulu Barselonanın heyətində qazanıb.

Alves altıqar İspaniya çempionudur. Bundan əlavə, o, dörd dəfə İspaniya Kuboku və Superkuboku, üç dəfə Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionatının qalibi olub.

34 yaşlı futbolçu Braziliya yığması ilə Amerika Kuboku və iki dəfə Konfederasiyalar Kubokunda qələbə qazanıb.