“Marsel” klubunun idarə heyətinin keçmiş üzvü Mark Fratani, Fransa futbolunda gündəmi dəyişəcək açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Fratani, klubda işlədiyi dönəmdə “Marsel”in prezidenti olan Bernar Tapi haqqında etiraflar edib. Fratani, sabiq prezidentin hakimləri pul qarşılığında idarə etdiyini deyib:
“Tapi heç bir limiti olmayan insandır. O, hər şeyi edə biləcək bir xarakterə sahib idi. Bir dəfə PSJ ilə matçda hakimləri pul qarşılığında almışdı və rəqib komandanın oyunçularına tərkibində narkotik maddə olan dərmanlar vermişdi. Beləcə, futbolçuların “performans”ı aşağı düşmüş və “Marsel” oyunu qazanmışdı”.
Frataninin iddialarına cavab verən Bernar Tapi isə deyilənləri təkzib edib:
“Belə yalanlara inanmaq istəyən axmaqlar var. Fratani mənim haqqımda bunları bilirsə və sübutu varsa, çıxsın, hakimlərin adlarını və onlara ödədiyim pulun miqdarını desin. Belə hekayələrə cavab vermək niyyətim yoxdur.”
“Marsel” Tapinin prezident olduğu müddətdə 4 dəfə Liqa 1-in, 1 dəfə də Çempionlar Liqasının qalibi olub. 1993-cü ildə Çempionlar Liqasının finalında “Marsel” “Milan”ı 1:0 hesabıyla məğlub etmiş, ancaq oyunu “qumara qoyduğu” üçün Fransa təmsilçisinin kuboku əlindən alınmışdı. “Marsel” həmin mövsüm Liqa 2-yə düşmüşdü. (komanda.az)