Kərim Benzema "Real" və "Ayntraxt" komandaları arasında oynanılacaq UEFA Superkuboku finalında 1 qol vursa və kuboku qazansa, 3 rekorda birdən imza atacaq.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu rəqib qapısında bir top keçirəcəyi halda qollarının sayını 324-ə çatdıracaq və Raulun rekordunu (323 qol) geridə qoyacaq. Klub tarixində ən çox qolun vuran futbolçu isə 451 qolla Kriştiano Ronaldodur.

İndiyə qədər 22 kubok qazanan Benzema Superkubok finalında qalib gələrsə, əfsanəvi oyunçu Pako Xentonun rekorduna (23 kubok) şərik çıxacaq. "Real"ın ən çox titul qazanan futbolçusu braziliyalı Marselodur (25 kubok).

Bundan əlavə, Benzema Helsinkidə qalib gələcəyi halda, kuboku ilk dəfə kapitan olaraq başı üzərinə qaldıracaq. Marselo klubdan ayrılandan sonra əsas kapitan sarğısını fransalı forvard daşıyır.

Qeyd edək ki, "Real" - "Ayntraxt" matçı avqustun 10-u Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.