“Bu, böyük bir qarışıqlıqdır. Heç kim başa düşə bilməz ki, niyə özlərini dünyanın ən yaxşı oyunçularından birinin varlığından məhrum etməlidirlər".
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, bu sözləri "Real"ın prezidenti Florentino Peres Kərim Benzemanın Fransa millisinə çağırılmaması barədə danışarkən deyib.
"Kral klubu"nun rəsmisi futbolçusunu tərifləyib:
"Benzemanın nümunəvi davranışını qeyd etmək istərdim. Komanda yoldaşları tərəfindən çox yüksək qiymətləndirilir. Benzema peşəkarlıq, fədakarlıq, təvazökarlıq kimi dəyərləri özündə cəmləşdirir. O, heç vaxt meydandan kənarlaşdırılmayıb. Biz onunla çox fəxr edirik. Kərim haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm. Buna görə niyə Fransa üçün oynamadığını anlamıram".
Qeyd edək ki, Benzema millidəki sabiq komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.