"Barselona"nın istefası tələb olunan idarə heyəti üzvü Emili Rousaud maraqlı açıqlama ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, o "Rac1"ə açıqlamasında ad çəkməsə də, klubun prezidenti Xosep Bartomeunu büdcəni dağıtmaqda ittiham edib:

"Sosial şəbəkə skandalında klubdan kiminsə əli olub. Sadəcə kimin olduğunu bilmirəm. İdarə Heyətindən daha 3 nəfər vəzifələrində qalmalarına tərəddüd edirlər. Büdcəyə kiminsə toxunduğunu düşünürəm? Bəli. Kim? Bilmirəm. Kimsə dəyəri 100 min olan bir şeyə 1 milyon ödəyib. Bilmirəm bu kimdir, amma siz təxmin edə bilərsiniz".

Qeyd edək ki, "Barselona"nın İdarə Heyətinin altı üzvü istefa verib. Onlar mümkün olduğu qədər tez prezident seçkilərinin keçirilməsini tələb edir, sosial şəbəkələrlə bağlı baş verənləri vurğulayır və maliyyə məsələlərilə bağlı məsuliyyəti tam olaraq öz üzərlərinə götürürlər. 6 üzvün eyni anda istefa verməsindən sonra İdarə Heyətində 13 üzv qalıb. Qanuna əsasən, İdarə heyəti 14 nəfərdən ibarət olmalıdır.