"Barselona"nın prezidenti Xosep Bartomeu özünü və klubun İdarə Heyətini müdafiə etmək üçün sosial şəbəkələrdə saxta profillərlə məşğul olan bir şirkətlə əməkdaşlıq edir.

Offsideplus.az 'Cadena Ser' radiosuna istinadla xəbər verir ki, əməkdaşlıq çərçivəsində klub və rəhbərlik lehinə müsbət şərhlər yazılacaq. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində şirkət Messi və Antonellaya, Pike və Şakiraya, həmçinin "Barselona"da çalışan keçmiş simalar Puyol, Xavi, Qvardiola və namizədlər hesab olunan Viktor Font, Xuan Laporta və başqalarının sosial şəbəkələrdəki hesablarına hücum edərək mənfi fikirlər yazır, onların hər biri haqqında neqativ statuslar paylaşır.

Bu xəbər yayımlandıqdan sonra "Barselona" prezidentliyinə namizəd Viktor Font çıxış edərək klubun bu haqda  açıqlama verməsini tələb edib. 2015-ci ildə klub prezidentliyinə namizəd olan Aqusti Benedetto isə artıq rəhbərliyi məhkəməyə verəcəyini bəyan edib.

Qeyd edək ki, klub tərəfindən yayılan açıqlamada iddialar təkzib olunub.