Misli Premyer Liqasında 3-cü tur başa çatdı.

Matçların nəticəsinə görə "Neftçi" cəmi 2 xal toplaya bilib. Çox miskin mənzərədir. “Xalqın komandası” bu durumda olmalı deyil.

İllər öncə əvvəlki klub rəhbərləri "Neftçi"ni avrokubokların qrupuna, ölkə çempionluğu və mükafatçılar sırasına daşıyardı. Buna baxmayaraq xırda uğursuzluqlar belə qəbul edilməz, işlər yaxşı getməyən kimi klub rəhbərlərini istefaya səsləyərdilər. Çempionluq qazanıla bilməsə də avrokuboklara vəsiqə təmin olunurdu. Samir Abasov "ağ-qaralar"ı bir dəfə çempion etmişdi, ikinci mövsümdə isə gümüş medal qazanmışdı. Müşahidə Şurası hədəfə çata bilmədiyi üçün məşqçini işindən azad etdi. Bunlar keçmişdə qaldı. Amma...

Son iki mövsümdür ki, "ağ-qaralar"ın azarkeşlərinin üzü gülmür. Ötən ilki nəticələrə görə kollektiv avrokuboklara vəsiqə qazana bilmədi. Komanda üzərində aparılan eksperimentlər nəticəsində işə cəlb olunmuş Mutu və Bojoviç kimi məşqçilər kluba faydalı ola bilmədilər. İndi məqşçilərin, yoxsa onlar üçün yaradıla bilinməyən şəraitinin, uğursuz idarəetmənin, faydasız trasnfer siyasətinin uğursuzluğa yol açmasını demək çətindir. Biz klubun içində deyilik. Amma...

Son günlər bu mövsüm işə cəlb olunan baş məşqçi Qriqorçuk haqda müxtəlif mülahizələr səslənir. Deyirlər ki, ukraynalı məşqçi istədiyi heyəti qura və qərarları müstəqil verə bilmir və çox güman komandanı tərk edəcək. Nə qədər doğrudur, əlbəttə ki, bunu zaman göstərəcək. “Sabah”la oyundan sonra ukraynalının yalnız onun istəyi ilə 1 oyunçunun transfer edildiyini deməsi məşqçinin narazılığının bariz sübutudur. Qara Qarayevlə yaşanan problem. Oyunçunun əvəzedici heyətə göndərilməsi kimi proseslər daxildə problemlərin olduğunu göstərir.

Vəziyyət isə acınacaqlıdır. Tarixin əzəmətli "Neftçi"si hazırda "Turan Tovuz", "Səbail", "Sabah"ın qarşısında çarəsizdir. "Neftçi"də konkret söz sahibi olan şəxs kimdir? Hazırkı durumla bağlı kim hesabat verməlidir? Baş icraçı direktor Cenk Sümer, idman üzrə müşavir Kamil Məmmədov, idman direktoru Yens Andersson, Futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov? Yoxsa yeni cəlb olunmuş baş məşqçi Roman Qriqorçuk?

Bəli, klub bir idarəetmə orqanıdır. İndi sual oluna bilər ki, biz kimik? Kimdən və nəyə görə hesabat istəyirik? Bu şəxsləri kim təyin edib, onlar qarşısında da hesabatlıdırlar. Burası aydındır. Amma...

"Neftçi" xalqın komandası olduğundan, milyonlarla insanın ürəyi bu komanda ilə döyündüyündən, hər oyundan sonra stadionlardan məyus şəkildə ayrılan azarkeşlərə su qabı atmaq yox, hesabat vermək lazımdır.

Milyonlar gedir. Azarkeşlərin əsəbləri tarimara çəkilir. Dəyişən isə bir şey yoxdur...