İyulun 20-də 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsi keçirildi.

Turnirdə Azərbaycan təmsilçisi "Baku Flames"la yanaşı, Avstraliya, Niderland, Çinin U-24 milliləri, Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu mübarizə aparırdı. Əsas komandamız Olimpiadaya hazırlaşdığı üçün Quba Seriyasında iştirak etmirdilər. "Baku Flames" isə olduqca bərbad oyun sərgilədi və turnirlə erkən vidalaşdı.

Əvvəlcə, təmsilçimizin nəticələrinə nəzər salaq:

Niderland - “Baku Flames” – 21:4

Çin U-24 - “Baku Flames” - 21:2

Avstraliya - “Baku Flames” - 21:3

Hesablardan da göründüyü kimi, kollektiv 3 qarşılaşmada cəmi 9 basketbol xalı qazanmağı bacarıb. Bu, qəbuledilməzdir. Düzdür, nəzərə almaq lazımdır ki, komanda bu ilin mayında yaradılıb. Lakin üstündən bir neçə ay keçməsinə baxmayaraq, hələ də ilkin formalaşma mərhələsini keçə bilməyib. Qəbul edilməlidir ki, rəqiblər olduqca güclü və təcrübəli idi. Fəqət, heç kim onlardan çempionluq tələb etmirdi. Basketbolçularımızdan mübarizlik və əzmkarlıq görmədik. İlk oyundan sonra isə kollektiv sanki "yarış bitsəydi, çıxıb gedərdik" düşüncəsi ilə meydana çıxırdı. Komanda ruhu, istək olmayan klubdan gələcəkdə də nəsə ciddi nəticə gözləmək olmaz.

Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı vitse-prezidenti Fərrux Mahmudov jurnalistlərə açıqlamasında bildirdi ki, "Baku Flames"in bu turnirdə iştirakının əsas səbəbinin təcrübə toplamaqdır. Eybi yox, gözləyək, görək. Ola bilsin ki, həqiqətən də komanda təcrübə topladı, gələcəkdə uğurlar qazandı. 

Həmçinin, federasiya rəsmisinə "Xəzri" və "Neftçi"nin nə üçün avrokuboklarda iştirak etməyəcəyinə dair sual ünvanladım. Çünki hər iki klub sorğumuza cavabında bu məsələni federasiya ilə müzakirə etməyimizi istəmişdilər. Mahmudov isə sözügedən problemin onların səlahiyyətləri çərçivəsində olmadığını qeyd etdi.

Bu məsələ ölkə idmanı üçün çox vacibdir. Son illər basketbolun inkişafı üçün vacib işlər görülür. Çempionatda rəqabət artırılır. Bölgələrdə klublar yaradılır. Basketbol ölkəmizdə get-gedə sevilir. Ümid edək ki, görülən bu işlər davam etdiriləcək. Basketbol Liqasında uğur əldə edən komandalarımız da avrokuboklarda iştirak edərək qələbələri ilə azarkeşləri sevindirəcək.