Arzularımız reallaşdı.
Dünən Xankəndiyə futbolumuz da qayıtdı. Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ" MOİK-i 1:0 hesabı ilə məğlub etdi. Möhtəşəm anlar idi. Həm PFL, həm Gənclər və İdman Nazirliyi əla təşkilatçılıq işləri görmüşdülər. Azarkeşlərin, qazilərin, şəhid ailələrinin, futbol, idman nümayəndələrinin Xankəndiyə aparılması da gözəl təşəbbüs idi. Bütün dünya gördü ki, Xankəndi bizimdir. Əbədi də Azərbaycan torpağı olaraq qalacaq.
Görüşü ekran başından izlədim. Yəni, Xankəndidə deyildim. Lakin ekran başından belə bu sevinci yaşadım. Deyirlər ki, jurnalist işinə hisslərini qatmamalıdır. Amma bəzi məqamlar var ki, mümkün deyil. Jurnalistdən əvvəl Azərbaycan vətəndaşıyam. Qarabağlıyam. Qubadlıda doğulmuşam. Hər nə qədər peşəkarlığımı qorumağa çalışsam da, belə məqamda sevincimi gizlədə bilmirəm. Stadionundakı atmosferi ekran başından hiss etməmək mümkün deyildi. Gör indi Xankəndidə olanlar nələr yaşayıb? Eybi yox! Ay, gün qurtarmadı ki. Qismət olar, yenə Xankədinə gedərik.
Yazının əsas məğzinə gəlməmişdən öncə bir məqama toxunmaq istəyirəm. Əldə etdiyim məlumata görə, stadionun bərpa olunması üçün Gənclər və İdman Nazirliyinin, Peşəkar Futbol Liqasının, “Qarabağ”ın və AFFA-nın, “CBC Sport”un əməkdaşları gecə-gündüz demədən işləyiblər. Oyunun təşkilati işlərinin möhtəşəm alınması üçün əllərindən gələni əsirgəməyiblər. Hətta Xankəndiyə gedən zaman PFL rəhbərliyinin qəzaya düşməsindən də xəbərdarsız. Bir sözlə, bu görüşün baş tutmasında əməyi olan hamıya şəxsim adından minnətdaram.
Prezident İlham Əliyevin oyunda iştirak etməsi də mötəbər hadisə idi. Ölkə başçısı çıxışı ilə bir çoxlarına dağ çəkdi. Tezliklə “İmarət” stadionun inşasının başlanılacağının xəbərini verdi.
Maraq üçün bildirim ki, bu oyun Azərbaycan futbolu tarixinə düşdü. Müstəqillik dövründə ilk dəfə idi ki, ölkə başçısı yerli komandaların iştirakı ilə keçirilən futbol matçını izləyirdi. Hətta oyunda topa ilk toxunuşu da İlham Əliyev etdi.
Bu məqam özü də böyük mesaj idi. Ölkə başçısı ötürməni etməmişdən öncə sağa-sola baxdı. Hətta “Qarabağ”ın hücumçusu Juninyo İlham Əliyevdən ötürməni ona etməsini xahiş etdi. Lakin prezident “hərbçilər”dən yana seçim idi. Bu Azərbaycan futbolunun başbilənləri üçün çox açıq mesaj idi. Müzəffər Ordumuzun komandasını dirçəltmək lazımdır. Yəqin ki, həm klub rəhbərliyi, həm Müdafiə Nazirliyi, həm AFFA, həm də PFL tezliklə prezidenti bu əmrinin icrasına başlayacaqlar.
İkinci məsələ futbolumuzun siyasəti ilə bağlı idi. Hazırda Azərbaycan dünya dövlətləri arasında ən xoşbəxtdir. Seperatçılar qovulub. Ərazi bütövlüyümüz bərpa olunub. İndi qalıb sosial məsələlər. Fevralın 7-də də bütöv Azərbaycanı əhatə edəcək prezident seçkiləri keçiriləcək. Bundan sonra Azərbaycan hər sahədə inkişafa doğru addım atacaq. Bura futbol da daxildir. İlham Əliyev Xankəndidə keçirilən ilk oyuna gələrək futbolu, idmanı sevdiyini bir daha nümayiş etdirmiş oldu. İndi iş AGİN, AFFA və PFL-ə düşür. Bu qurumlar dünənki möhtəşəm tədbirdən istifadə edərək ölkə başçısından futbolla bağlı yeni dövlət proqramının təşkil edilməsini xahiş etməlidirlər. Ölkə başçısı İlham Əliyev ötürməni edərək əmri verdi. İndi qalır qurumların hərəkətə keçməsinə…
İLKİN SULTANLI