UEFA Konfrans Liqasının III Təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Zirə" ilk oyunda 1:1 hesabla heç-heçə etdiyi "Osiyek"i qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında"qartallar"ın baş məşqçisi Rəşad Sadıqov fikirlərini bölüşüb:
"Qarabağ"ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Sabah Azərbaycanın iki klubu "Sabah" və "Zirə"yə uğurlar olsun, inşallah, hər birimiz mərhələni keçib pley-offda iştirak edərik. Çox vacib oyuna çıxacağıq. Bunu dərk edirik. Meydanda gərgin mübarizə şəraitində oyun olacaq, hər iki komanda üstünlük üçün əlindən gələni edəcək. Hər iki komandada iddialı futbolçular var ki, nəticəni komandanın xeyrinə çevirə bilərlər. Meydança yaxşı vəziyyətdə deyil, bunu əvvəlki oyunlarda da hiss etmişdik. Konfransdan öncə ot örtüyünün durumuna baxdım, bu hər iki komanda üçün problem yarada bilər".
Qeyd edək ki, "Zirə" - "Osiyek" qarşılaşması 15 avqust saat 20:30-da "Dalğa Arena"da keçiriləcək.