"Bilirdik ki, bizi ağır oyun gözləyir. "Omoniya" təcrübəli komandadır. Biz yeni komandayıq. Düşünürəm ki, futbolçular bu gün istəkli idi. Mənim görmək istədiklərimi meydanda verməyə çalışırdılar. Matç göstərdi ki, "Omoniya" ilə oynamaq olar. Yaxşı komanda olsalar da, boşluq verirlər".
Offsideplus.az xəbər verir ki, bu sözləri UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Qəbələ" - "Omoniya" oyunundan sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfansında deyib.
- Bu gün stadionda azarkeş çox idi. Dəstək komandaya necə təsir edir?
- Sevindirici hal idi. İstəyirik ki, çempionatda da bu qədər azarkeş dəstəyimiz olsun.
- Oyununuzda nə alınmadı?
- Oyun keyfiyyəti xoşuma gəldi. Sadəcə 1:0-dan sonra epizodlardan yararlana bilmədik. Dəyərləndirsəydik, nəticə fərqli ola bilərdi. Bu matçı analiz edib, qarşıdakı oyunlara hazırlaşmalıyıq.
- Cavab matçı üçün qapıçı dəyişikliyi gözlənilir?
- Qapıçını dəyişmək fikrində deyilik. Ona inanırıq. Standart vəziyyətləri işləmişdik. Roman Bezusun keyfiyyətlərini komandaya çatdırmışdıq. Futbolçunun ustalığını da nəzərə almaq lazımdır.
- Qarşılaşmanın 75-ci dəqiqəsindən sonra rəqib tempi "öldürdü". Sanki 2:2 hesabına razı idiniz...
- Bəzən oyun gedə-gedə nəticə futbolçulara təsir edir. Sırf müdafiədə oturmamışdıq. Tempin düşməsi hər iki komandadan asılıdır. Bizim və onların ilk rəsmi oyun idi. Sonlarda tempin "ölməsi" normal oldu.
- Penalti epizodu haqda nə deyə bilərsiniz?
- Epizoda baxmamışıq. Bizim çempionatda elə penaltilər vermirlər. O epizodun üstünda dayanmıram. Onların qapısında da eyni epizod var idi, amma hakim penalti təyin etmədi.
- Cavab matçı üçün rotasiya edəcəksiniz?
- Büdcəmiz imkan versəydi, 3-4 futbolçu ilə güclənərdik. Bu heyətlə davam edəcəyik. Futbolçularıma inanıram.
- Premyer Liqada hədəf nə olacaq? Bu heyətlə avrokuboklara vəsiqə qazanmaq çətin olmayacaq?
- O qədər də ümidsiz deyilik. 9 futbolçu bizi tərk edib. Bu komandanı otuzdurmaq üçün vaxta ehtiyac var. Çempionatda da Qəbələ öz iddiasından əl çəkməyəcək.