"Araz-Naxçıvan"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsi matçından əvvəl "Aris"in baş məşqçisi Marinos Uzunidis Bakıda mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 56 yaşlı mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Bakıya ilk gəlişim deyil. "Qəbələ"yə qarşı 2017-ci ildə oyun keçirmişəm. Komanda ilk dəqiqələrdən oyuna hazır olmalıdır. Bizim üçün çətin oyun olacaq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, ilk oyunda yaxşı nəticə əldə edək və növbəti mərhələyə vəsiqə qazanaq. Sabahkı heyət demək olar ki müəyyən olunub, bir neçə futbolçu ilə söhbət aparmışam. Hamı 90 dəqiqə oynamayacaq, lakin hər bir futbolçunun 100% gücünü ortaya qoymağını istəyəcəm".
2017-ci ildə "Panantinaikos"un baş məşqçisi olaraq Bakıya gəlmiş M.Uzunidis o vaxtdan bəri Azərbaycan futbolundakı dəyişikliklərdən bəhs edib:
"Qarabağ"ı, "Neftçi"ni izləmişik. Hər il klubların səviyyəsi artır. 15-20 il ilə müqayisədə kifayət qədər transferlər olur, "Araz-Naxçıvan"dan da misal çəkə bilərik ki, oyunçular transfer edirlər. Bu isə onu göstərir ki, komandalar yerində dayanmır, inkişaf edirlər".
Yunanıstan təmsilçisinin yarımmüdafiəçisi Fredrik Yensen sabahkı oyunu dəyərləndirib:
"Dünən çətin gün oldu. Bu gün məşq edəcəyik. Bizi maraqlı oyun gözləyir, onu analiz edəcəyik. İlk olaraq, ümid edirəm ki, qalib gələrik. Çətin oyun olacaq. Birlikdə sabahkı oyundan müsbət nəticə ilə ayrılmaq istəyirik. Komandanın duurmu yaxşıdır, həm köhnə, həm də yeni futbolçularımız var. Sabahkı oyunda və bundan sonrakı matçlarda savaşmalıyıq".



