Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsində baş tutmuş Ayan Allahverdiyeva - Türkan Məmmədyarova partiyasının nəticəsinə yenidən baxılıb.
Offsideplus.az Şahmat Federasiyasına istinadən xəbər verir ki, fevralın 17-də keçirilən görüşdə hakimlər əvvəlcə A. Allahverdiyevanın iki dəfə əsassız iddia irəli sürdüyünü əsas gətirərək, qələbəni T. Məmmədyarovaya vermişdilər. Lakin Allahverdiyeva bu qərarla razılaşmayaraq Apellyasiya Komitəsinə müraciət edib.
Qurum tərəfindən partiyanın videoyazısı və gedişlərin ardıcıllığı təfərrüatı ilə incələnib.
FIDE-nin mövcud qaydalarına əsasən, şahmatçının etirazı təmin olunub.
Məmmədyarovanın qələbəsi ləğv edilərək, qarşılaşmanın nəticəsi heç-heçə kimi qeydə alınıb.
T. Məmmədyarova da Apellyasiya Komitəsinin çıxardığı yeni qərarı qəbul etdiyini bildirib.


