Mehriban Əliyeva növbəti 5 il ərzində yenidən Azərbaycan Gimnastika Federasiyasına (AGF) rəhbərlik edəcək.

Offsideplus.az xəbər verir ki, bu qərar AGF-nin 16-cı hesabat-seçki xarakterli ümumi yığıncağında qəbul olunub. Tədbirdə çıxış edən vitse-prezident Altay Həsənov son illərdə ölkə gimnastikasının əldə etdiyi nailiyyətlərdən və beynəlxalq arenadakı uğurlardan bəhs edib.

İclas çərçivəsində federasiyanın nizamnaməsinə müvafiq dəyişikliklər edilib, həmçinin qurumun maliyyə hesabatı dinlənilib. Seçkilərin nəticəsinə əsasən, Mehriban Əliyeva yenidən AGF-nin prezidenti seçilib. Altay Həsənov vitse-prezident, Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə İcra Komitəsinin üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər.

Sonda müxtəlif komissiyaların yeni tərkibi təsdiqlənib və ötən il yüksək nəticə göstərən gimnastlar mükafatlandırılıblar.