"Açılış oyunu idi. Hər zaman ilk oyunlar gərgin mübarizə şəraitində keçir. Rəqibimiz yetəri qədər təcrübəli komanda idi. Ötən mövsüm çempionluğu son turlarda əldən vermiş kluba qarşı oynayırdıq. Bizi ağır 90 dəqiqənin gözlədiyini öncədən təxmin etmişdik. Gözəl oyun münasibətilə rəqibi də təbrik edirəm. 3 xalı qazanmağı hədəfləmişdik və bunu da bacardıq. Çempionata qələbə ilə start verdik".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov I Liqanın açılış oyununda "Qaradağ Lökbatan" üzərində qələbəni şərh edərkən bildirdi.
Mütəxəssis turniri ilk "üçlük"də başa vurmağı hədəflədiklərini qeyd etdi:
"Komandamız 80% dəyişilib. Daha keyfiyyətli oyunçulara üstünlük vermişik. Hədəfimiz ilk "üçlük"dür. Qarşımızda uzun marafon var. Yolun sonuna kimi çox şeylər dəyişəcək. Elitaya yüksəlmə, çempionatda qalmaq, aşağı liqaya düşmək kimi klublar arasında mübarizələr gedəcək. Autsayder komanda yoxdur. Bu səbəbdən də açıq şəkildə bu komanda liqadan düşəcək və ya 100% Premyer Liqaya yüksələcək deyəcəyimiz klub da yoxdur. Komandaların hamısı güclüdür. Gərgin mübarizə şəraitində çempionat keçəcək və yolu ilk "üçlük"də başa vurmağa çalışacağıq".
Çalışdırıcı stadionun hazırki vəziyyətinə də toxundu:
"Stadionumuz ildən-ilə daha da yaxşılaşır. Vaxtımız az olduğuna görə müəyyən qədər tədbirlər görməyə çalışdıq, toxum səpdik. Lakin, havaların anidən soyuması, yağışlı havaya keçməsi stadionu bərbad vəziyyətə saldı. Hazırda ot örtüyü çox pis vəziyyətdə deyil. Nisbətən qənaətbəxşdir. Komanda məşqləri daha çox stadionda deyil, bazada edir. Çünki, stadionu ideal vəziyyətə gətirməyə çalışırıq".