Dünən Los Ancelesdə baş tutan şou xarakterli döyüş gündəm mövzusu olub.

Söhbət Roy Consla Mayk Tayson kimi əfsanələrin rinqdə etdiklərindən yox, duelin sonunda yaşananlardan gedir.

Offsideplus.az xəbər verir ki, döyüşü canlı izləmək üçün böyük pullardan keçən izləyicilər sonluqda qanqaraçılığa şahidlik etmək məcburiyyətində qalıb. 

Hadisə necə baş verib? Deməli, döyüşün başlamaq üzrə olduğunu televimzor qarşısında yerini tutan ilyonlarla izləyiciyə əfsanəvi Maykl Baffer çatdırıb. Ənənəvi duel sədaları, hakimin start fiti və "Dəmir"lə "Balaca"nın mübarizəsinə start verilib. 

Hərəsi 2 dəqiqədən ibarət olan 8 raund da qaydalar üzrə davam edib, döyüşboyu hansısa ciddi problem yaşanmayıb. Gedişat gözlənilən kimi olub. Mayk hücum edib, Roy əsas diqqəti müdafiəyə ayırmaqla şansını gözləyib. Və beləcə 16 dəqiqə başa çatıb. 

Vaxt hakimin qalibi müəyyən etməsinə və Maykl Bafferin bunu təmtəraqlı şəkildə anons etməsinə çatanda araya sükut çöküb. Döyüşün şou xarakterli olduğunu nəzərə alsaq, qələbə ya dəqiq zərbə sayında üstün olan Consa, ya da dueldə tank təsiri bağışlayan Taysona verilməliydi. Çünki ekran qarşısındakı milyonlar qalibin kimliyini bilmək istəyirdi. Çünki döyüşün qalibi olmalıdır. Şou xarakterli olsa belə...

Rinqdəki qeyri-müəyyənliyi, yəni Bufferin yoxa çıxdığını və hakimin susduğunu görən Tayson dərhal özündən çıxıb. 

Kəmərin və qalibin təqdim olunmadığını, başqa cür desək, təşkilatçıların tədbiri "yola verdiyindən" duyuq düşən Mayk əsəblərinə hakim ola bilməyib. Aşkar şəkildə narazılığını bildirən milyonların sevimlisi təşkilatçıları təhqir edərək rinqi tərk edib. İdmançını paltardəyişmə otağına gedən yolda güclə saxlamaq mümkün olub. Və elə həmin an döyüşün heç-heçə başa çatdığını rinqdəki aparıcı yox, televiziya vasitəsilə şərh edən aparıcı diqqətə çatdırıb. Təqdimatsız, mükafatsız və heç-heçəyə heç bir əsas olmadan. 

Təqdimat olub olmağına. Hər iki idmançıya öncədən hazırlanmış ssenarinin tərkib hissəsi olaraq kəmər təqdim olunub. 

Bir sözlə, Mayk Tayson və Roy Cons kimi əfsanələrin duelinin həvəskar səviyyəli sonluqla başa çatması həm döyüşçülərin, həm də pulundan keçən izləyicilərin ciddi narazılığa səbəb olub.