Niderland yığmasının sabiq futbolçusu Kvinsi Promes 7,5 il həbs cəzasına məruz qalıb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı idmançı əmisioğlu ilə birgə bıçaqlı hücumda və narkotik maddələrin qaçalmalçılığında günahlandırılır.

Kvinsiyə qarşı ilk iddia hələ 2020-ci ildə, o, "Ayaks"da oynayarkən qaldırılıb. Futbolçu insidentdə iştirakını təkzib etsə də, Niderlandın hüquq-mühafizə orqanları 2020-ci il dekabrında onu saxlayıblar. Lakin 2 gün sonra Promes sərbəst buraxılıb.

Daha sonra futbolçuya qarşı iddia "qətl hadisəsinə cəhd" maddəsinə dəyişdirilib. Məhkəmə prosesi bir neçə dəfə təxirə salınıb.

Bu müddət ərzində Kvinsi Rusiyanın "Spartak" klubuna transfer olunub. Niderland məhkəməsi həbs qərarı çıxarmasına baxmayaraq, bu ölkələr arasında ekstradisiya barədə müqavilə olmadığına görə Promes Moskvada qalıb.

Futbolçunu yalnız ötən il, "Spartak"ın təlim-məşq toplanışı üçün getdiyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin hava limanında həbs ediblər.

Təxminən 1 il Dubayda nəzarət altında yaşayan Promes nəhayət, bu il iyunun 12-də evdə həbs olunub. Onu çarter reysi ilə Niderlanda göndəriblər. Əgər qeyri-adi nəsə baş verməsə, o, 41 yaşınadək dəmir barmaqlıqlar arasında olacaq.

Qeyd edək ki, Kvinsi 2014-2021-ci illər aralığında Niderland milli komandasında 50 oyunda 7 qol vurub.