Azərbaycanın futbol mərkəzlərindən biri olan Gəncədə durum yaxşılığa doğru dəyişməkdədir. İndi futbol həvəskarları şəhərin tarixi klubu "Kəpəz"in gələcəyi ilə bağlı nikbin əhval-ruhiyyədədirlər.
Yeni rəhbərlik, yeni nəfəs
Ötən mövsüm min bir əziyyətə qatlaşan, maddi sıxıntı yaşayan, çox çətinliklə Misli Premyer Liqada yerini qoruyan "Kəpəz"də bu il mayın əvvəllərində rəhbərlik dəyişildi. Namiq Qədirov İdarə Heyətinin yeni sədri seçildi. İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik məsələləri, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olundu.
Yeni rəhbərlik dərhal əlini çırmalayaraq işə başladı: Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyası ilə tanış oldu, əsas komandanın məşqçilər korpusu və futbolçularla görüşlər keçirdi. Tezliklə baş məşqçi dəyişikliyi də rəsmiləşdi. Azər Bağırovun yerinə Adil Şükürov köhnə-yeni klubuna qayıtdı. Bu dəyişikliklərin hamısının kökündə isə bir məqsəd durur: "Kəpəz"i gücləndirmək, Gəncədə futbolu dirçəltmək, Azərbaycanın üçqat çempionunun əvvəlki şan-şöhrətini qaytarmaq və azarkeşlərə çoxdan həsrət qaldıqları qələbə sevincləri yaşatmaq.
Beynəlxalq əməkdaşlığın inkişafı
Maraqlıdır ki, "Kəpəz”in yeni rəhbərliyi inkişaf üçün prioritetləri müəyyənləşdirərkən çoxşaxəli fəaliyyətə üstünlük vermək qərarına gəldi. Klub rəsmiləri təkcə ölkə daxilindəki layihələrlə kifayətlənməyəcəyini, beynəlxalq münasibətlərin qurulmasının vacibliyini dərhal diqqətə çatdırdılar. Bu məqsədlə ilk səfər Sloveniyaya oldu. "Kəpəz" əsası 1919-cu ildə qoyulan "Çelye" klubu ilə əməkdaşlığa başladı.
“Kəpəz”in İdarə Heyətinin sədri Namiq Qədirov, İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov “Çelye”nin prezidenti Valeri Kolotilo, klubun idman direktoru Qennadi Qolubin və Baş Əməliyyat Direktoru Zoran Podkoritniklə görüşdə əməkdaşlıq müqaviləsi imzalandı. Qərara alındı ki, tərəflər mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlər aparsınlar, bir-birinə dəstək göstərsinlər.
"Çelye" UEFA Konfrans Liqasının son mövsümündə 1/4 finala qədər irəliləməyi bacarıb. Bilmək olmaz, bəlkə yaxın vaxtlarda Gəncənin istedadlı gənc futbolçularını Sloveniya çempionatında görə bilərik. Sloveniya çempionatı Avropanın digər güclü ölkələrinə tramplin üçün əla vasitədir.
Yeri gəlmişkən, "Çelye" komandası iyulda ölkəmizə gələcək. Səfər "Kəpəz"lə əməkdaşlıq çərçivəsində deyil, UEFA Avropa Liqasının ikinnci təsnifat mərhələsində "Sabah"la oynamaq məqsədi daşıyacaq. Necə deyərlər, bu, sloveniyalılar üçün həm ziyarət, həm də ticarət ola bilər.
Avropa çempionu ilə görüş
Beynəlxalq münasibətlərin qurulması istiqamətində növbəti səfər Yunanıstana olub. Bu dəfə “Kəpəz” Yunanıstanın “Panatinaikos” klubu ilə dostlaşıb. Gəncə təmsilçisinin idman məsələləri üzrə müşaviri Erkin İbrahimov Afinada “Panatinaikos”un strategiya məsləhətçisi Takis Fissasla görüşüb.
Bu həmin Fissasdır ki, Yunanıstan milli komandasının heyətində 2004-cü ildə Avropa çempionu tituluna yiyələnib.
Görüş zamanı tərəflər arasında gələcəkdə məşqçilər, böyüklərdən və aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin təcrübələrinin artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Ümid edirik ki, "Kəpəz" rəhbərliyinin həyata keçirdiyi kompleks tədbirlərin müsbət nəticələrini tezliklə görə biləcəyik. Çünki Gəncə futbolu və azarkeşləri ən böyük uğurlara layiqdir.