“Azərbaycan-Almaniya Dostluq Həftəsi” çərçivəsində Alman-Azərbaycan Cəmiyyətinin dostu, tanınmış futbol mütəxəssisi Bernd Ştange "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevlə görüşüb. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüşdə almaniyalı mütəxəssislə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, "Şamaxı"ın İdarə Heyətinin sədri Elçin Usub və futbol veteranı Vəli Qasımov da iştirak ediblər. 

Qonaqlara Tovuz futbolu və "Turan Tovuz" haqda ətraflı məlumat verilib, bu rayonda futbolun təməlinin ötən əsrin əvvəllərində məhz almanlar tərəfindən qoyulduğu vurğulanıb.

Eyni zamanda “Şamaxı” haqda da qonaqlara geniş məlumat verilib. 

Qarşılıqlı fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşün sonunda fəxri qonağa "Turan Tovuz"un forması hədiyyə olunub.

Cəmiyyətin sədri Çingiz Abdullayev 1920-ci ildə Tovuzda keçirilən ilk rəsmi oyun olan “Rote Fahne” – “Tovuz” oyununda çəkilən tarixi şəkli Ehtiram Quliyevə təqdim edib.

Qeyd edək ki, 77 yaşlı Bernd Ştangenin futbolçu karyerası uğurlu alınmasa da, 50 ilə yaxın məşqçilik fəaliyyəti ilə məşğul olub.

O, Şərqi Almaniya yığmasından tutmuş Belarus, Sinqapur, Oman, Suriya, İraq milli komandalarına qədər, eləcə də "Herta", "Leyptsiq" kimi klubları çalışdırıb.