Azərbaycan futbolu ilə yaxından maraqlananlar "Bobo" ləqəbli Ağakişi Mehdizadəni yaxşı tanıyır.
Uzun illər "İnter"də Kaxaber Tsxadadzenin dönəmində analitik vəzifəsində çalışan mütəxəssis sonradan "Neftçi"də Tərlan Əhmədovun köməkçilərindən biri olmuşdu. 2015-ci ildə Tsxadadze Gürcüstan millisində işləmək təklifi alanda, "Bobo"nu da özü ilə aparmışdı ki, qonşu ölkənin millisində azərbaycanlı mütəxəssisin olmasına sevinmişdik.
Lakin 2017-ci ildə AFFA-nın futbol oyunlarının nəticələrinin manipulyasiyasına görə futboldan uzaqlaşdırdığı 3 nəfərdən biri olan Mehdizadə (digərləri Nizami Hacıyevlə Mirhüseyn Seyidov idi) sevdiyi idman növündən ayrı düşüb başqa sahədə çalışırdı.
Offsideplus.az xəbər verir ki, haqqında bəhs etdiyimiz Ağakişi Mehdizadə xeyli vaxtdır cəbhədəymiş. Və bir neçə gün öncə Füzülinin alınması uğrunda gedən döyüşlərdə yaralanaraq xəstəxanaya yerləşdirilib.