Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviçi qəbul edib.

Offsideplus.az xəbər verir ki, qonaq Bakıda təşkil olunan 17 yaşadək güləşçilər arasında dünya çempionatının yüksək səviyyədə keçirildiyini vurğulayıb. O, idmanın bu növünə və UWW-nin fəaliyyətinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlığı qeyd edib.

Prezident İlham Əliyev Bakıdakı mundialın gənc idmançıların gələcək uğurları baxımından önəmini və ölkəmizdə bu tür beynəlxalq turnirlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Dövlət başçısı pəhləvanlarımızın indiyədək qazandığı zəfərlərdən söz açıb.

Söhbət zamanı Azərbaycanda güləşin zəngin ənənələri və dövlət qayğısı vurğulanıb, UWW ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.