Naxçıvanda yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində güləş hakimləri üçün yeni qaydaların tətbiqi ilə bağlı texniki seminar təşkil olunub.
Offsideplus.az xəbər verir ki, seminar Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev və komitə üzvü Sədi Quliyev tərəfindən aparılıb.
Maarifləndirici tədbirdə Muxtar Respublikada məşqçi və hakim kimi fəaliyyət göstərən 14 mütəxəssis iştirak edib. Seminar zamanı Dünya Güləş Birliyinin (UWW) tərəfindən güləş qaydalarına edilmiş son dəyişikliklər, onların yarışlarda tətbiq mexanizmi, hakim qərarlarının düzgün və vahid formada verilməsinin əhəmiyyəti ətraflı izah olunub, praktiki nümunələr əsasında müzakirələr aparılıb.
Tədbirin əsas məqsədi hakim və məşqçilərin bu istiqamətdə bilik və bacarıqlarını artırmaq, eyni zamanda Naxçıvanda keçirilən güləş yarışlarında obyektivliyin və ədalətli idarəetmənin təmin olunmasına töhfə verməkdir.


