Azərbaycan millisinin və “Kayzerslautern”in hücumçusu Mahir Emreli sosial şəbəkə hesabında zədələnməsi ilə bağlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, futbolçu iki aylıq fasilədən sonra yenidən meydana dönməyin onun üçün böyük hiss olduğunu, lakin oyunu zədə səbəbindən yarımçıq tərk etməli olduğunu bildirib:
“İki aylıq fasilədən sonra yenidən meydanda olmaq inanılmaz bir hiss idi – təəssüf ki, çox uzun çəkmədi. Zədə səbəbindən oyunu tərk etməli oldum və bu, çox ağrılı idi.”
Emreli son həftələrin onun üçün çox çətin keçdiyini də vurğulayıb:
“Əvvəl az oyun təcrübəsi, sonra xəstəlik, və bir həftə əvvəl böyük qardaşımın (əmioğlumun) itkisi... Bu oyun mənim üçün onunla vidalaşma anı olmalı idi, amma fərqli alındı. Bəlkə də elə buna görə göz yaşlarımı saxlaya bilmədim.”
Hücumçu sonda yaxın günlərdə tibbi müayinədən keçəcəyini və nə qədər müddət meydandan uzaq qalacağının sabah bəlli olacağını qeyd edib:
“Bütün bunlara baxmayaraq, mən optimistəm və tezliklə yenidən meydanda olmağa ümid edirəm. Nə inamımı, nə də motivasiyamı itirmirəm.”



