“Qarabağ”ın səfərdə 3:1 hesabı ilə inamlı qələbəsi komandanın Çempionlar Liqasının qrup mərhələsinə düşmə şansını daha da artırır”.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycanın veteran futbolçusu Mahmud Qurbanov deyib.

O, UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq “Qarabağ” - “Ferensvaroş” matçı haqqında fikirlərini bölüşüb:

“Məğlubiyyətdən sonra rəqib komandanın məşqçiləri, yaxud da oyunçuları nə qədər iddialı danışsalar da, “Qarabağ”ın cütün qalibi kimi qrup mərhələsinə çıxma şansı daha çoxdur. Fikrimcə, rəqib Bakıda daha çox aqressiv, sərt oyuna üstünlük verəcək. Beləcə, “Qarabağ”ın da bu tələskənlikdən yararlanma şansı olacaq. “Qarabağ” öz oyununu oynasa, “Ferensvaroş”u məğlub edə bilər. Yəqin ki, futbolçularımız da başa düşür ki, səfərdəki qalibiyyət hələ növbəti mərhələyə çıxmaq demək deyil. Qarşıda bir 90 dəqiqə də var. Arxayınlaşmaq olmaz. Əksinə, daha yaxşı oynayıb “Ferensvaroş”u Bakıdan əliboş yola salmaq lazımdır”.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” görüşü saat 20:45-də başlayacaq.