Azərbaycanlı futbolçu, "Səbail"dən Qırğızıstanın "Abdış-Ata" klubuna transfer olunan 29 yaşlı yarımmüdafiəçi İlkin Muradovun Offsideplus.az saytına müsahibəsi 

- “Abdış-Ata” ya getmək qərarını necə verdiniz?

- Bizim çempionat bitdikdən sonra bu təklif gəldi. Sadəcə, Qırğızıstanda təqvim başqa cür olduğu üçün I dövrənin yekunlaşmasını gözlədik. Əslində, “Səbail”lə birillik müqaviləm var idi. Ancaq rəhbərliyə təklifim olduğunu demişdim. Daha sonra onlarla halallaşıb ayrıldıq. Müqaviləyə də qarşılıqlı xitam verdik. “Zirə” mənim birinci evimdirsə, “Səbail” ikinci evimdir. Orada çox yaxşı insanlar tanımışam. Ümid edirəm, komanda gələn il Premyer Liqaya qayıda biləcək. Bu futboldur, düşmək də var, qalxmaq da. 

- Niyə məhz Qırğızıstan klubunu seçdiniz? 

- Niyə təəccüblənirsiniz ki? Fürsət yarandı, biz də istifadə etdik. 

- Öz klublarımızdan təkliflər var idi?

- Bir-iki təklif sonradan gəldi. Ancaq mən artıq bura ilə razılaşdığıma görə imtina etdim.

- “Abdış-Ata” ya gedişinizdə əsas vasitəçi kim olub?

- Menecerim.

- Sizdən öncə gedən futbolçuların bu qərarınızda təsiri olubmu? Məsələn, “Səbail”dən komanda yoldaşınız Mirabdulla Abbasovun.

- Mirabdulla ilə bura gəlmədən öncə söhbətim olmuşdu. O, klub haqqında yaxşı sözlər dedi. Təbii ki, bu da qərarıma müəyyən mənada təsir göstərdi.

- Son dövrlərdə azərbaycanlı futbolçuların Qırğızıstan klublarına maraq artıb. Sizcə, bunun səbəbi nədir?

- Düzü, bu haqda onlarla söhbətim olmayıb. 

- Məsələn, sizin qərarınızda hansı amillər əsas rol oynayıb? Bəlkə təklif etdikləri məbləğ?

- Bəli, təklif etdikləri maliyyə yaxşıdır. 

- Yeni klubunuzda abu-hava necədir? 

- Atmosfer xoşuma gəldi. Məni burada yaxşı qarşıladılar. Sabah məşqimiz var. İyulun 26-da Qırğızıstan çempionatında ikinci dövrə başlanır, avqustun 12-də isə Asiya Liqasının oyunları start götürür. Hələlik hər şey yaxşı görünür.

- Gələcəkdə karyeranızı orada davam etdirmək istəyərsiniz?

- Burada qalmaq istəyirəm. Niyə də olmasın?