Azərbaycanlı futbolçu Mahir Emreli yeni klubu "Kayzerslautern"in heyətində ilk məşqinə çıxıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu klubun bazasında gerçəkləşən 1,5 saatlıq məşq prosesində müxtəlif təmrinləri yerinə yetirib.
Təxminən 30 dərəcə isti olmasına baxmayaraq, məşqi 300-dək azarkeş izləyib.
"Kayzerslautern"in baş məşqçisi Torsten Liberknext fanatların adi məşq prosesinə marağına görə sevincini gizlətməyib. O, Almaniya 2-ci Bundesliqasının növbəti mövsümündə azarkeş dəstəyinə böyük ehtiyacları olduğunu bildirib: "Əgər siz abunə satışının gedişinə fikir versəniz, görərsiniz ki, fanatlarımız növbəti mövsüm ərəfəsində necə həyəcanlıdırlar. Biz abunə sayına görə 1998-ci ildə qeydə alınan rekordu qırmağa yaxınıq. Məşqçi qismində bu uğurun bir parçası olmaq mənə şərəf verir. Eyni zamanda, bu, gözləntiləri doğrultmaq üçün məsuliyyətimizi artırır".
Qeyd edək ki, "Kayzerslautern" ev oyunlarını 49327 yerlik "Fritz-Valter-Stadion"da keçirir.
Onu da əlavə edək ki, Mahir Emreli bu klubla dünən rəsmi müqavilə bağlayıb. Kayzerslautern şəhərinin eyniadlı təmsilçisi ötən mövsüm 2-ci Bundesliqada 7-ci yeri tutub.