"Bu, bir illik əziyyətimizin bəhrəsidir. Buna nail olduğumuz üçün çox sevinirik. Vaxtından qabaq çempionluğu təmin etdiyimizə görə isə ikiqat sevinirk. Hər bir "Qəbələ"sevəri, çempionluqda əməyi keçən hər kəsi təbrik edirəm".
Bu sözləri Offsideplus.az saytına açıqlamasında "Qəbələ"nin müdafiəçisi Elvin Yunuszadə deyib.
32 yaşlı futbolçu növbəti mövsüm Premyer Liqada iddialı olacaqlarını söyləyib: "Qəbələ" həmişə Premyer Liqaya rəng qatıb, iddialı olub. Növbəti mövsüm də iddiasını ortaya qoyacaq".
"Qəbələ" ilə hələlik yeni müqavilə bağlamayan E.Yunuszadə Azərbaycan milli komandasına qayıtmaq istəyini gizlətməyib: "Qəbələ"də ilk vəzifəmiz çempionluq qazanb Premyer Liqada iştirak hüququna yiyələnmək idi. Qalan məsələləri tədricən həllini tapacaq. Müqaviləmin müddəti başa çatır, "Qəbələ" ilə danışıqlar prosesi gedir. O ki qaldı milli komandaya, təbii ki, burada oynamaq hər bir futbolçu üçün şərəfdir. İnşallah, Premyer Liqaya qayıdandan sonra yığmaya çağırılmaq perspektivi yaranar. Əgər nə vaxtsa milli komandada oynamışamsa, əziyyət çəkib yenə heyətə düşərik. Əslində, qarşıma yığmaya qayıtmaq məqsədi qoymuşam. Niyə də yox?"
Xatırladaq ki, E.Yunuszadə axııncı dəfə milli komandada 2014-cü noyabrın 16-da Norveçə qarşı forma geyinib.