"Yaxın 3 ildə avrokuboklarda qrup mərhələsinə düşmək istəyirik".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
O bildirib ki, bu məqsədə daha tez çatmaq imkanı olsa da, rəhbərlik başqa inkişaf yolu seçib: "Biz dayanıqlı inkişafa üstünlük verdik. Maddi-texniki bazaya çəkdiyimiz xərcləri yaxşı futbolçuların transferinə yönəldib avrokuboklarla bağlı məqsədimizə daha tez çata bilərdik. Amma biz hədəfə doğru addım-addım gedəcəyik".
E.Quliyev azarkeşlərin bunu anlayışla qarşılayacaqlarına inamını ifadə edib: "Ümidvaram ki, Tovuz azarkeşləri səbr və təmkin nümayiş etdirəcəklər. Onlar komandanın Premyer Liqaya qayıdışını 9 il gözlədilər. Bu dəfə də biz birgə yeni uğurlarlara nail olacağıq. Tovuz azarkeşləri həmişə yanımızdadır".



