Yayda dünya futbol tarixinin ən səs-küylü transferi baş tuta bilər.

Offsideplus.az xəbər verir ki, 2 dünya ulduzu, 15 ildən çoxdur rəqabətdə olan Kriştiano Ronaldu və Lionel Messi eyni komandada oynamağa yaxındırlar.

Məlumatı nüfuzlu Goal.com saytı yayıb.

İddialara görə, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının şərəfini qoruyan Ronaldu klublararası dünya çempionatında iştirak etmək niyyətindədir. Bu məqsədlə portuqaliyalı hücumçunun Messinin çıxış etdiyi "İnter Mayami"yə transferi mümkündür.

Qarşıdakı yarışa qatılmaq üçün Ronaldu ABŞ təmsilçisi ilə qısamüddətli müqavilə imzalaya bilər. Çempionatdan sonra isə o, "Əl-Nəsr"ə qayıtmalıdır. Çünki 40 yaşlı futbolçunun ərəblərlə 2026-cı ilədək müqaviləsi var.

"İnter Mayami" ilə anlaşmanın detalları, eləcə də tərəflərin müqaviləni nə zaman rəsmiləşdirə biləcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, klublararası dünya çempionatı bu il 15 iyun - 13 iyul aralığında ABŞ-da keçiriləcək.