"Zirə" klubu Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun sürətli başladı. İki komanda da hücuma üstünlük verirdi. Fasilədən sonra oyuna nəzarəti üzərimizə götürdük . Bununla da rəqibə kombinasiya yaratmağa imkan vermədik. Hücumlarımız oldu, amma çox təhlükəlili deyildi. İkinci hissədə meydanda taktiki savaş gedirdi. Son saniyələrə qədər gərgin oyun getdi. Belə matçlar futbolumuzun inkişafı üçün faydalıdır. Bir xal pis deyil. Çətin səfərdə idik. Üstünlüyümüz olsa da, qələbə qazana bilmədik.
- Hazırda Azərbaycan yığmasının potensialının daha üstün olduğunu düşünürsüz? Son tsikldə 7 xaldan çoxunu da yığmaq olardı? Yaxud da Millətlər Liqasında daha uğurlu çıxış etmək mümkün idi?
- Bir az çətin sualdır. Həmin gün rəqiblərin performansını da nəzərə almaq lazımdır. Belə ümumi cavab vermək düzgün deyil. Bəlkə də çox və ya az xal yığarsan. Burada məsələ az-çox xal yığmaqda deyil. Məsələ, düzgün yol seçib həmin yolu getməkdədir. Vacib amil odur ki, uzunmüddətli plan tutulmalıdır. Yoxsa, görünən odur ki, illərimizi xərcləyirik. Yaxşı olardı ki, daha uzunmüddətli və daha uğurlu layihə olsun. Biz bunu bu gün də olmasa, 4-5 il sonra bəhrəsini görərik. Heyətimizə gəldikdə, 1-2 mövqedə rəqabət azdır, amma ümumi götürsək, heyətimiz yaxşıdır və onu bir çox oyunlarda gördük. Əvvəlcədən nəsə demək çətindir.