"Oyuna kimi sizə vəziyyəti danışım. Necə edək, nə edək? Vəziyyət çox gərgin idi. Nəyə görə? Rəqib kimi bizim ehtiyat oyunçular skamyamız yoxdur. Oktavio, İssa, Ninaq və Kamran oyunu buraxırdı. Necə edəcəkdik? Məcburi Səbuhi vingeri oynatdıq. Roy da vinger oynadı. Başımızı sındırdıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 13-cü turunda “Neftçi”ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Mütəxəssis matçdan öncə “Neftçi”nin sosial şəbəkə hesablarında paylaşılan videoya da toxunub: “Dünən gecə futbola baxıram, Almaniya Bundesliqasına. Birdən qrupa tanıyanlar video göndərir. "Neftçi" TV video düzəldib. Sübhənallah. Dedim bu nə yaxşıdır. Bu gün gəlsin, komandanı gör necə qızışdırıram. Bizə bonus veriləcək? "Neftçi"nin media departamentinin böyüyü xanımdır? Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. Çıxıb gedə bilərdim. Qabiliyyətimi göstərdim. "Neftçi" TV-nin göstərdiyini bu gün futbolçularımız göstərdi. Bizim bonusdan həmin "Neftçi" medianın xanımına da pay düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağ olsunlar. "Sumqayıt"ın qələbəsində rolları oldu”.
O, "Neftçi" üzərində qazanılan qələbənin təəccüblü olmadığını qeyd edib: “Analizlər necə aparılır, mənim üçün müəmmalıdır. Son turlarda formada olan bizik. “Neftçi”ni analiz edən adam mən deyiləm. "Neftçi" bu oyuna kimi nələr edib, sualları verərsiz onlara. Bizim itkilərimiz var idi, "Neftçi" ev sahibidir, üstün tutulmalıydı. Ev sahibi avantajı da var idi, heyəti də genişdir. Dərin inciliklərə getsələr, bəlkə bu günləri şansları 50-50 saya bilərdilər. Amma mən də azarkeş kimi "Nefçti"yə üstünlük verərdim. Bu qələbə sürprizdir? Xeyr. Uduzduğumuz matçlarda da dominantlığımız olub. Bu gün qələbəyə layiqindən də çox layiq idik”.
“Matç başa çatandan sonra qələbə sevinci Mutuya cavab idi?” sualını Abasov belə cavablandırıb: “100 faiz. Cavabı verməliydik. Sumqayıtdakı matçda sakit durmuşdum. Mənə elə gəlir ki, "Neftçi"yə gələn baş məşqçilər komandanı "Sumqayıt"la oyuna elə hazırlayırlar ki... Oyunlarımız gərgin keçirdi. Burada mən amili də var. 90-cı illərdə dünya çempionatında məhəllə söhbətlər var idi, İrana demişdilər ki, kimə uduzursan uduz, ABŞ-a uduzma. Məncə, "Neftçi"də də belədir. Kimə uduzursan uduz, "Sumqayıt"a uduzma. Qol vurub, üstümüzə tullanırsansa, belə şeylər sizin də başınıza gələcək”.