"Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 12-ci turunda "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, bunları deyib:
"Azarkeşlərimizə təşəkkür edirəm, bu gün möhtəşəm idilər. Bugünkü qələbədə böyük pay sahibidirlər. Son oyunda xal itirdiyimiz üçün üzərimizdə təzyiq var idi. Həm də itkilərimiz olmuşdu. Oyunun gedişatı göstərdi ki, itkilərimizin yerini doldura bildik. Futbolçularımıza təşəkkür edirəm, yaxşı oynadılar. Kimlərəsə bu qələbə təəccüblüdürsə, deməli, futboldan anlayışı budur. Layiqli qələbə qazandıq. Son oyunlarda inkişafdayıq".
O, matç bitən kimi klub prezidenti ilə görüşməsinin səbəbi ilə bağlı söyləyib: "Sabahkı planlarımızla, futbolçuların bərpası ilə bağlı idi. Bilirsiz ki, biz bərpanı burada keçirik. Sabah üçün başqa şeylər istədik. 8 gündə 3 oyun keçirdik. Millidən gələnlər 13-14 gündə 5 matça çıxıblar. Klub tərəfindən heç bir istəyimiz rədd edilməyib".
Mütəxəssis ünvanladığı fikirlərin onu tənqid edən jurnalistlərə aid olub-olmadığı ilə əlaqədar deyib: "Xeyr. Mən saytları daha sonra vurğulayıb: Bilmirəm kim məni tənqid edir. Sadəcə mən anlamıram ki, təəccüb nədən irəli gəlir. "Sumqayıt"ın qələbələrinin təəccüblü olmasını bir futbol adamı kimi anlamıram, anlamaq da istəmirəm".
S.Abbasov daha sonra vurğulayıb: "Bizim bəlamız da budur, turnir cədvəlinə görə analiz olunur. Xal fərqinə baxın. Bizim ikinci yerdə olan "Zirə" ilə 3 xal fərqimiz var. Əgər hər şeyi turnir cədvəli ilə ölçəcəksizsə, atın bu peşəni".
Baş məşqçi komandanın futbolçusu Kasimir Ninqanın durumu ilə sualı belə cavablandırıb: " Ona xüsusi təşəkkür düşür. O ağrılarla oynayasan, özün də legioner olasan. Elə legionerlər var ki, dırnağına qara düşən kimi deyir zədəliyəm. Bəlkə də onu ilin sonuna kimi itirdik".