"Neftçi" klubu Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra təşkil olunan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf oyun haqda danışıb:
"Bu cür hissləri çox sevirəm. Sevinirəm ki, komandam ilk dəqiqələrdən sona qədər futbol oynamağa çalışırdı. Biz bütün komponentlərdə rəqibi üstələmişdik. Məğlub da ola bilərdik. Son 3-4 matçda bəxtsizliyimiz var idi. Hazırda sevinirik. Oyun haqda çox danışmalı deyilik. Kubok matçları hər zaman fərqlidir. Nəticə hər iki komanda üçün açıq olur. Sevinirik ki, finalı doğma stadionumuzda keçirəcəyik. Bir aya qədər vaxtımız var ki, istədiyimiz kimi hazırlaşaq. Hər şeyi edəcəyik ki, kuboku qazanaq".