"Sabah" klubunun baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 31-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları deyib:
“Çox çətin qələbə qazandıq. “Turan Tovuz” yaxşı futbol sərgiləyir. İkili mübarizələrdə, uzun toplarda, standart vəziyyətlərdə çox yaxşı oynayırlar. Bizim üçün çox önəmli olan 3 xalı əldə etdik. Tovuzdakı hər iki oyunda Aleksey Kaşukun qolları ilə qələbə qazanmağımızın təsadüfi olduğunu düşünürəm. Bəxti gətirdi ki, o, bu gün qollar vurdu.
Hazırda yalnız qarşıdakı "Şamaxı" ilə matç barədə düşünürəm. Məqsədim komandamı bu oyuna hazırlamaqdır. Mövsümün sonunda hansı mövqedə olacağımızı mayın 28-də görəcəyik".
O, növbəti mövsümdən elitada 12 komandanın olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
"Mənim üçün Premyer Liqada 12 komandanın olması əlbəttə ki, yaxşıdır. Amma gələcək komandaların Premyer Liqanın səviyyəsinə uyğun olması çox önəmlidir. Son pillələrdə çox gərgin mübarizə gedir. Bəzən onlar yuxarı pillələrdə olan komandalara böyük problem yaradırlar”.