“Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 27-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
- Məncə oyunu özümüz çətinləşdirdik. İlk hissədə sürətli oynamırdıq. Onlara imkan yaratdıq ki əks hücuma çıxsınlar. Bilirdik ki, bu cür oyunlarda belə hallar olur, futbolçularla danışdıq. Şanslarımızdan yararlansaydıq, nəticə fərqli olardı. Qol vurduq, geridönüş etdik. İkinci qoldan sonra dərhal hücum və qol gördük. 3-cü qol sayılmadı və matç heçheçə ilə bitdi. İstədiyimiz nəticə deyildi. Lakin irəli baxırıq. Oyunçularımızın arxasında dayanıram.
- Ofsayd səbəbilə ləğv edilən qolda çox etiraz etdiniz, epizoda baxmışdınızmı?
- Bizim arxamızdakı tribunada hamı qol deyirdi. Biz ola bilsin ki, fərqli görürük. Bunu şərh etmək istəmirəm.
- 7 oyun qalıb, “Sabah”a çatmaq şanslarınızı necə dəyərləndirsiz?
- Dediyiniz kimi, 7 oyun var. Bəli, oyunçularıma inanıram, düşünürəm ki, potensialımız var.
- 3-cü dövrədə 2 qol buraxılmamışdı. Bu, sizi narahat edir?
- Bu haqda danışmışıq. Dedim ki, çox şans vermişik, rəqibdən çox uzaq dururuq. Yaxın dayanmalılıyq. Düşünürəm ki, 3-4 gündən bir oyun olanda bizdə problem yaranır. Elə oyunçuları yoxdur ki, yorulanları əvəzləyək. Son matçda süni örtükdə oynadıq. 3 günümüz vardı bərpaya, dünən məşq edib, bu gün oyuna çıxdıq. Bəzi oyunçular üçün daha çətindir. Bu gün onlar qələbə qazanmalı idi.
- “Qarabağ” klubundan müraciət olsa, “Qalatasaray”la matç üçün hansısa futbolçunuzu göndərərsinizmi?
- Bizim də yoldaşlıq matçımız və proqramımız var. 6-7 futbolçumuz milliyə gedəcək. Ola bilsin ki, biz də U-19-dan futbolçular götürdük. Hər komandanın proqramı var, bu cür addım atmaq çətin olar. Təsəvvür edin oyunçularımızdan biri iştirak edir və zədələnir. Bunun mümkün olacağını düşünmürəm.