"Səbail" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində öz meydanında "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək.
Ötən turda "Sabah"a böyük hesabla (0:4) məğlub olan "dənizçilər" turnir cədvəlinin 4-cüsündən xal və ya xallar qoparmağa çalışacaq.
Oyundan öncə Offsideplus.az-a açıqlama verən "Səbail"in müdafiəçisi Adil Nağıyev komandasının meydana qələbə üçün çıxacağını bildirib: "Sabah"la oyundakı üzücü nəticədən sonra komandada psixoloji gərginlik var. Həmin matçdakı səhvlərimizdən nəticə çıxarmağa çalışırıq. Hazırda bütün diqqətimiz "Zirə" ilə oyuna yönəlib. Bizi çətin qarşılaşma gözləyir. Öz meydanımızda oynayacağımızı da nəzərə alsaq, meydana qələbə üçün çıxacağıq".
Qeyd edək ki, fevralın 12-də keçiriləcək oyunun start fiti saat 15:00-da səslənəcək.
Daşqın Əziz